Məhkəmə qərarları › İş №e-2(012)-1170/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1170/2025

15.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1170/2025 15.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1519,74 manat borcun (abonent kodu: **********000) və 35,20 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh Ramiz qızı (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 1519,74 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh 2016-cı ildən 2024-cü ilədək yaranmış borca görə pul tələb edilir. Belə ki, cavabdehin 2021-ci il üzrə 153 manat, 2022-ci il üzrə 188 manat ödənilməmiş borcu qalmış, 2023-cü il ərzində sudan və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 268 manat məbləğində sərfiyyat olmuş, həmin məbləğdən 100 manat ödənildiyindən cəmi 168 manat borc yaranmış, 2024-cü il üzrə 87 manat, 2025-ci il üzrə isə 34 manat borcu vardır. 2016-2020-ci illər aralığında yaranmış borc isə 795,76 manat təşkil edir. Qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən borca görə ödənişlər edilmişdir və hazırda cavabdehin ödənilməmiş təqribən 1473 manat məbləğində borcu qalmışdır. Bundan əlavə bildirir ki, Cavabdeh sudan və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc üzrə 2017-ci ildə 80 manat ödəniş etmiş, lakin 2021-ci ilə qədər ödəniş etməmişdir. Daha sonra cavabdeh tərəfindən 2021-ci ildə 25 manat, 2022-ci ildə 50 manat, 2023-cü ildə 100 manat və 2024-cü ildə 109 manat ödəniş edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 1519,74 manat borcu əsaslıdır və hesab edirlər ki, iddia təmin edilərək həmin borc cavadehdən tutulmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, əvvəlcə iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs tərəfindən onların yaşadığı fərdi yaşayış evinə sayğac qoyulmamış, o, sudan istifadə ilə bağlı sərfiyyata görə yaranmış borcunu ödəyərkən iddiaçı təşkilatın əməkdaşları tərəfindən ona hər ay 20 manat ödəniş etməli olduğu bildirilmiş, bundan sonra iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsdən sayğac quraşdırılmasını tələb etmişdirlər. O, 2016-cı ildən 2020-ci ilə qədər su sərfiyyatına görə hesablanmış borc məbləğinə iddia müddətinin tətbiq edilməklə həmin hissədə iddianın rədd edilməsini xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə 1556,24 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə 2016-cı il üzrə 285,61 manat, 2017-ci il üzrə 143,7 manat, 2018-ci il üzrə 207,65 manat, 2019-cu il üzrə 158,8 manat, 2020-ci il üzrə 164,35 manat, 2021-ci il üzrə 153,63 manat, 2022-ci il üzrə 188 manat, 2023-cü il üzrə 168 manat, 2024-cü il üzrə 87 manat, 2025-ci il üzrə 37 manat borcu yaranmış, lakin 2025-ci il üzrə borca görə 120 manat ödədiyindən nəticədə cəmi 1473,74 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxs xx.xx.2024-cü il tarixli abonent kartına istinad edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı ildən etibarən yaranmış 1519,74 manat borcun (abonent kodu: **********000) tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent kartından göründüyü kimi Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə 2016-cı il üzrə 285,61 manat, 2017-ci il üzrə 143,7 manat, 2018-ci il üzrə 207,65 manat, 2019-cu il üzrə 158,8 manat, 2020-ci il üzrə 164,35 manat, 2021-ci il üzrə 153,63 manat, 2022-ci il üzrə 188 manat, 2023-cü il üzrə 168 manat, 2024-cü il üzrə 87 manat, 2025-ci il üzrə 37 manat borcu yaranmış, lakin 2025-ci il üzrə borca görə 120 manat ödədiyindən nəticədə cəmi 1473,74 manat borcu vardır. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc məbləği üzrə ödəniş etdiyini bildirmişdir. Hazırda Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə 1473,74 manat borcunun olması iş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent kartı ilə sübuta yetirilmişdir. Lakin hazırda Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, 2016-cı ildən 2020-ci ilə qədər su sərfiyyatına görə hesablanmış borc məbləğinə iddia müddətinin tətbiq edilməklə həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı il üzrə 285,61 manat, 2017-ci il üzrə 143,7 manat, 2018-ci il üzrə 207,65 manat, 2019-cu il üzrə 158,8 manat, 2020-ci il üzrə 164,35 manat olmaqla, 2016-2020-ci illər üzrə cəmi 960,11 manat borcun ödənilməsini tələb etsə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir, iddiaçı təşkilat vaxtaşırı ödənişlər haqqında tələblər üzrə müəyyən edilmiş 5 illik iddia müddətini ötürmüş və bugünədək məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçı təşkilat tərəfindən vaxtaşırı ödənişlər haqqında tələblər üzrə iddia müddəti ötürüldüyündən cavabdehin ərizəsi üzrə iddia tələbi 2016-cı ildən 2020-ci ilə qədər su sərfiyyatına görə hesablanmış 960,11 manat borc məbləğinə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2021-2024-cü illər üzrə yaranmış 596,63 manat məbləğində borc (2021-ci il üzrə 153,63 manat, 2022-ci il üzrə 188 manat, 2023-cü il üzrə 168 manat, 2024-cü il üzrə 87 manat) tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə ödənilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011 -ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021 -cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 35,20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 596,63 manat borc və 35,20 manat dövlət rüsumu üzrə xərclər tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar