Məhkəmə qərarları › İş №e-2(012)-1190/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1190/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1190/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1992-ci il təvəllüdlü Cavabdeh 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı borc müqaviləsinə əsasən 399 (üç yüz doxsan doqquz) manat, 28 may 2020-ci il tarixli BNK5856546 saylı borc müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 649 (altı yüz qırx doqquz) manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 679 (altı yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 20 yanvar 2020-ci il və müddəti 12 ay olmaqla 28 may 2020-ci il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1321 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 649 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı borc müqaviləsinə əsasən 399 (üç yüz doxsan doqquz) manat, 28 may 2020-ci il tarixli BNK5856546 saylı borc müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 649 (altı yüz qırx doqquz) manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 679 (altı yüz yetmiş doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş,lakin 14 fevral 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edərək izahatında bildirmişdir ki, müqavilələr onunla bağlansa da,məişət avadanlığını iş yoldaşı üçün götürmüşdür.Həmin şəxsin anası onkoloji xəstəliyə tutulduğundan ödəniş edə bilməmişdir.Borcu hissə- hissə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 648 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan 28 may 2020-ci il tarixli BNK5856546 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 673 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan xx.xx.2021-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı və 28 may 2020-ci il tarixli BNK5856546 saylı kredit müqavilələr üzrə ödənilməmiş 649 manat əsas (qalıq) borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı və 28 may 2020-ci il tarixli BNK5856546 saylı kredit müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı və 28 may 2020-ci il tarixli BNK5856546 saylı kredit müqavilələri üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 20 yanvar 2020-ci il tarixli BNK5808505 saylı borc müqaviləsinə əsasən 399 (üç yüz doxsan doqquz) manat, 28 may 2020-ci il tarixli BNK5856546 saylı borc müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 649 (altı yüz qırx doqquz) manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar