Məhkəmə qərarları › İş №e-2(012)-1259/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1259/2024

26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1259/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Abşeron rayonu, X2 şayış Massivi – 0000 - 4570 göstərilmişdir) (abonent kodu – **********04570) təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik pulməbləğinin silinməsi, İddiaçı tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən həmin borca silinmiş 275 (iki yüz yetmiş beş) manat məbləğində pulun iddiaçının abonent hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış və İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Abşeron rayonu, X1 Massivi – 0000 - 4570 göstərilmişdir) qazsayğacı quraşdırılmışdır. Bundan sonra İddiaçı yaşadığı ünvana verilmiş təbii qazdan istifadə etməyə başlamış və istifadə etdiyi təbii qazın dəyərini hər ay ödəmişdir. Bir müddət əvvəl İddiaçı yaşadığı ünvanda təbii qazdan istifadə etmək məqsədilə karta ödəniş edərkən ona məlum olmuşdur ki, etdiyi ödənişin çox hissəsi onun hesabından silinir. Bunun səbəbini öyrənmək üçün ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvan üzrə onun adına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş və ona 12960 kub.metr itirilmiş qaz nəzərə alınmaqla 3110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik məbləğində cərimə hesablanmışdır. Buna görə də İddiaçı onun barəsində tərtib edilmiş akt və digər sənədləri tələb etmiş, həmin sənədlər ona təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda "sayğacın klapanı sınıqdır, Aldarm-1 rejimi aşkar olundu, xətalar normadan artıqdır, sayğac istismara yararsızdır” sözləri göstərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda guya İddiaçı aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları İddiaçı yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmiş və guya həmin aktı orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki, həmin tarixdə İddiaçı yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışdır. İddiaçı tərtib edilmiş aktın qanunsuz tərtib olunması və hesablanmış cərimənin əsassız olması ilə bağlı cavabdeh təşkilata müraciət edərkən İddiaçı guya aktın tərtib olunduğu müddətdə onun yaşadığı evə quraşdırılmış sayğacın klapanının sınıq olduğu, Aldarm-1 rejiminin aşkar olunduğu, xətaların normadan artıq olduğu, sayğacın istismara yararsız olduğu, bu səbəbdən akt tərtib edildiyi və itirilmiş təbii qaza görə cərimə hesablandığı bildirilmişdir. Halbuki,İddiaçı sayğaca heç bir müdaxilə etməmiş və sayğacda olduğu göstərilən çatışmazlıqlar onun tərəfindən edilməmişdir. Lakin cavabdeh təşkilat sayğacın klapanının sınmasının, Aldarm- 1 rejiminin olmasının, xətaların normadan artıq olmasının, sayğacın istismara yararsız olmasının İddiaçı təqsirli hərəkətləri nəticəsində yaranması faktını sübuta yetirmədən və heç bir əsas olmadan ona itirilmiş təbii qaza görə 3110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik məbləğində cərimə hesablamışdır. Həmçinin cavabdeh təşkilat tərəfindən iddiaçıya qanunsuz hesablanmış 3110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik məbləğində cərimənin 275 (iki yüz yetmiş beş) manat hissəsi qanunsuz olaraq onun tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən silinmişdir. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin İddiaçı qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və İddiaçı təqsirli olmasını sübuta yetirməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdəfiə etdi və iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* №-li aktdan görünür ki, MSK 29/1710-04505-1 saylı rəyə əsasən 1002AQ**********6 nömrəli sayğacda sayğacın klapanı sınıqdır, Aldarm-1 rejimi aşkar olundu, xətalar normadan artıqdır, sayğac istismara yararsızdır. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* №-li nömrəli akta əsasən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6x24x90=12960 kub metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Nübar qəsəbəsi, Yeni Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********04570) 3110.40 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən 275 manat ödəniş edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 3110,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 3110,40 manat borc silinməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən həmin borca silinmiş 275 (iki yüz yetmiş beş) manat məbləğində pulun iddiaçının abonent hesabına qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhz 275 manat pulun borcun silinməsinə xərclənməsi sübuta yetirilməsə də, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 3110,40 manat borc hesablandıqdan sonra iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə pul ödənişləri həyata keçirilmişdir. Hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi, özü-özlüyündə, cərimə üçün ödənilmiş 275 manat pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etmir və izah edir ki, həmin məbləğ iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 3110,40 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 51,11 (əlli bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 3110,40 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən **********04570 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 51,11 (əlli bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar