Məhkəmə qərarları › İş №e-2(012)-1299/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1299/2024

05.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1299/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı bağışlama və alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı bağışlama və alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayon 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş **********305101- 083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 7-8-ci girişinin 1-ci mərtəbəsində 339.3 kv.m ümumi, 150.9 kv.m əsas, 188.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı vərəsəlik payının müəyyən edilməsi, 100 manat dövlət rüsumunun əvəzinin və 100 manat hüquqi xidmət xərcinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Cavabdeh2 onun qardaşı, Cavabdeh3 isə anasıdır. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X5 və Cavabdeh3 02 oktyabr 1972-ci ildə nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə birgə gəlirləri hesabına xx.xx.2005ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini əldə etmişlər. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində hüquqları rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA ******* nömrəli, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədəki 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 7- 8-ci girişinin 1-ci mərtəbəsində 339.3 kv.metr ümumi, 150.9 kv.metr əsas, 188.4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Atası vəfat edəndən sonra qardaşı Cavabdeh2 xx.xx.2021-ci il tarixində (yəni atasının vəfatından 45 gün sonra) anasının ağır itkisindən istifadə edərək, onu aldadaraq həmin qeyri-yaşayış sahəsinin ona bağışlanmasına nail olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini övladı Cavabdeh2 mülkiyyətinə vermişdir. Məlum olduğu kimi, valideynləri həmin daşınmaz əmlakı birgə nikah dövründə birgə gəlirləri hesabına əldə etmişlər, yəni həmin daşınmaz əmlak anasının adına qeydiyyata alınsa da, qanuna görə həmin daşınmaz həm ata və anasının birgə mülkiyyəti hesab olunur. Atasının üzərində mülkiyyət hüququ olan qeyd edilən daşınmaz əmlakın onun vərəsəlik payına müvafiq gələn hissəsi atasının vəfatı tarixində (yəni xx.xx.2020-ci il tarixində) qanun əsasında onun mülkiyyətinə keçir, çünki o, atasından qalan mirası qəbul etmişdir. Belə olan halda anası ilə qardaşı arasında qeyd edilən bağışlama müqaviləsi bağlanarkən atasının qanun üzrə vərəsələrindən biri olaraq onun da notarial razılığı alınmalı, başqa bir ifadə ilə müqavilə tərəfi olaraq ya özü, ya da nümayəndəsi iştirak etməli idi. Bağışlama müqaviləsinin bağlandığı tarixdə həmin daşınmaz əmlak üzərində onun da atasından qalan mirasda vərəsəlik hüququ əsasında mülkiyyət hüququ vardı. Anası həmin daşınmaz əmlak üzərində özünə məxsus mülkiyyət payını bağışlaya bilsə də, ona məxsus olan mülkiyyət payını bağışlaya bilməsi üçün notarial razılığı (və ya etibarnamə) alınmalı idi. Bu mülkiyyət hüququnun mahiyyətindən irəli gəldiyi kimi, həm Konstitusiya ilə, həm də Avropa İnsan Hüquqları Konvensiyası ilə tənzimlənir. Bunlardan başqa, Cavabdeh2 həmin əmlakın 450000 manata Cavabdeh1 satılması ilə bağlı xx.xx.2023-cü il tarixində Abşeron rayon 2 saylı notariat ofisində alqı- satqı müqaviləsi bağlamışdır. Alıcı həmin pulun 5000 manatını nağd ödəsə də, qalan 445000 manatı xx.xx.2024-cü il tarixinə qədər ödəyəcəyinə vəd vermişdir. Həmin əmlak mübahisəli olduğu üçün alıcıya çıxarış verməkdən müvəqqəti olaraq imtina edilmişdir. Bu alqı-satqı müqaviləsi də tamamilə formal xarakterdə olub, çünki tərəflər arasında həqiqi əqd bağlanmamış, Cavabdeh2 məqsədi digər vərəsələri mirasdan məhrum etmək olmuşdur. Qeyd edilən müqavilələr onun mülkiyyət hüququnu, başqa bir ifadə ilə qanunun imperativ normalarını pozduğu üçün etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. Digər Cavabdeh3, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 2 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000010 saylı, xx.xx.2005-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3 34201000 köhnə, 6840,20 yeni manata satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 ilə X15 xx.xx.1972-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Xalıqova soyadı verilmişdir. İşdə olan MH ******* saylı, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir. Obyektlə bağlı onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan ölüm haqqında AZ-İİ 234125 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh3 Cavabdeh2 bağışlamışdır. İşdə olan ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Obyektlə bağlı onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyindən dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini 450000 manata Cavabdeh1 satmışdır. Alıcı həmin pulun 5000 manatını nağd ödəsə də, qalan 445000 manatı xx.xx.2024-cü il tarixinə qədər ödəyəcəyinə vəd vermişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Baxılan iş üzrə iddia tələbi əqdin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X13rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X10 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). İddiaçının anası Cavabdeh3 Şirinbala Xalıqovla xx.xx.1972-ci ildə rəsmi nikahda olması, bu nikahlarından xx.xx.1974-cü ildə Zülfiyyə, xx.xx.1975-ci ildə Zaur, xx.xx.1977-ci ildə Sevinc, xx.xx.1981-ci ildə Əminə, xx.xx.1983-cü ildə Seymur adlı uşaqların doğulması, Şirinbala Xalıqovun isə xx.xx.2020-ci ildə vəfat etməsi və mübahisəli ünvan 2 ünvanda yerləşən 339,3 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı Cavabdeh3 məxsus olması işin mübahisəsiz halıdır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığı əsası kimi mübahisəli əmlakı anası ilə mərhum atasının birgə nikah dövründə əldə etmələrinə, atasının qırx mərasimi çıxandan dərhal sonra bu əmlak barəsində anasının sərəncam verməsinə, notariusun əmlak barəsində sərəncam verən tərəfin bu hüququnu müqaviləni təsdiq edərkən yoxlamalı olmasına, lakin müqaviləni təsdiqləmiş notariusun qanunvericiliyin bu tələbini pozduğuna, beləliklə, atası öləndən sonra həmin əmlakda onun vərəsəlik payının mövcud olmasına, əmlak sonradan qardaşı tərəfindən özgəninkiləşdirilərkən onun razılığının alınmamasına istinad etmişdir. İşdən görünür ki, mübahisəli əmlak xx.xx.2007-ci il tarixdən Cavabdeh3 məxsus olmuşdur. Əmlak onunla Şirinbala Xalıqovun nikahda olduqları vaxt əldə edilsə də (xx.xx.2005-ci il tarixdə), yalnız Cavabdeh3 adına qeydə alınmış, mərhum Şirinbala Xalıqovun bu əmlakın birgə nikah zamanı əldə edilmiş hesab edilməsi barədə tələbi olmamışdır. Onun ölümündən sonra övladı İddiaçı belə bir tələb irəli sürməsi mövcud qanunvericiliyə ziddir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Qeyd edildiyi kimi, iş materiallarında mübahisəli əmlakın Cavabdeh3 ilə Ş.Xalıqovun birgə nikahı zamanı birgə vəsait hesabına əldə edilməsi barədə hər hansı mötəbər sübut yoxdur (məhkəmə qətnaməsi, nikah kontraktı, razılaşma və s.). Hazırda isə onların övladı İddiaçı belə bir tələblə çıxış etməsi mövcud qanunvericiliyə əsasən yolverilməzdir. Başqa sözlə, Cavabdeh3 özünə məxsus əmlakı övladı Cavabdeh2 bağışlayarkən heç bir qanun pozuntusu törədilməmiş, bu zaman hər hansı şəxsin hüququ pozulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən, həmçinin görünür ki, Cavabdeh3 və S.Xalıqov hazırki tələbə yaxın iddia ilə məhkəməyə müraciət etmiş və son nəticədə onların iddiası təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi elektron qaydada hər iki tərəfin iştirakı ilə tərtib edilməklə imzalanmışdır. Həmin iş üzrə tərəflər arasında əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyildir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2-ci maddələri). Cavabdehlər arasında bağlanmış əqd qanuni olduğundan məhkəmə onun əsasında Cavabdeh2 adına verilmiş **********305101-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, habelə onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsi üçün heç bir əsas tapmır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edildiyi kimi, mübahisəli əmlakda mərhum Ş.Xalıqovun payı olmadığından bu əmlak miras kütləsinə daxil ola bilməz (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Bu əsasla məhkəmə hesab edir ki, orada iddiaçının miras payının müəyyən edilməsi barədə tələb də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən təmin edilməməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən əqdlər tərtib və təsdiq edilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığından, reyestrdən çıxarışın ləğv edilməsindən və vərəsəlik payının müəyyən edilməsindən söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı bağışlama və alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar