Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1310/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X4 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə olmaqla, ümumilikdə, 6616 manat borcun və 86,16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığından məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlamış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X4 14 markalı kompüter almış və nəticədə 6616 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 6974,96 manat olan X4 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1220 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh X4 14 markalı kompüter almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə olmaqla, ümumilikdə, 6616 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 790.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqaviləyə əsasən hesablanmış 861,04 manat cərimə pulu isə 20 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 86,16 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqaviləyə əsasən, X4 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə, 5774,96 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,16 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1310/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1310/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver