Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1312/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4734 manat pul vəsaitinin və 67,34 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən KHAZAR LX minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Abşeron rayonu ərazisində ** ZG *** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobili və ** OT *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Abşeron rayonu DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə TP ******* saylı qərar tərtib edilmişdir. Hyundai Sonata markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1534 manat, Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3200 manat ödənişi verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Məhkəmə cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus KHAZAR LX minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC mülkiyyətindəki KHAZAR LX minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2022-ci il tarixinədək X1 etibar etmişdir. - TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən idarə edilən KHAZAR LX minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Abşeron rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş və İXM-nin 327.1 və 332.1-ci maddələrinin tələblərini pozmuş, ona 40 manat inzibati cərimə tətbiq edilmişdir. - xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Hyundai Sonata markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1534 manat məbləğində hesablanmışdır. - xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 3200 manat məbləğində hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ödəmə qəbzlərindən görünür ki, göstərilən hər iki nəqliyyat vasitələrinin sahiblərinə "xxxx" ASC tərəfindən ümumilikdə 4734 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3927 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı Hyundai Sonata markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1384 manat, 2014-cü il buraxılışlı Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3200 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunmuş KHAZAR LX minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai Sonata markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı və Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşaraq həmin avtomobillərə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Hyundai Sonata markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1534 manat, Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3200 manat məbləğində ziyan dəymiş, həmin məbləğ xx.xx.2022-ci il tarixli ödəniş tapşıqlarına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin hadisə baş verən zaman avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq cəmi 4734 (1534+3200) manat pulun Cavabdeh tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği cəmi 4584 (1384+3200) manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobillərə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 4584 manat pul vəsaitinin cavabdehdən tutulmasını daha ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş 67,34 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə dövlət nəfinə tutulmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4584 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 67,34 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1312/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1312/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver