Məhkəmə qərarları › İş №e-2(012)-1336/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1336/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1336/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilə üzrə 511 manat əsas, 51 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23120420 saylı müqavilə üzrə 117 manat əsas, 11 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23120377 saylı müqavilə üzrə 55 manat əsas, 5 manat cərimə və xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilə isə üzrə 554 manat əsas, 55 manat cərimə olmaqla, ümumilikdə, cəmi 1359 manat borc və 33.59 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilə üzrə 511 manat əsas, 51 manat cərimə və xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilə üzrə 554 manat əsas, 55 manat cərimə olmaqla, ümumilikdə, cəmi 1171 manat borc və 33.59 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı MMC Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilə üzrə 461.1 manat əsas, 46.9 manat cərimə və xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilə üzrə 503.8 manat əsas, 50.2 manat cərimə olmaqla, ümumilikdə, cəmi 1062 manat borc və 33.59 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 22131728 saylı, xx.xx.2021-ci il tarixli, 23120420 saylı, xx.xx.2021-ci il tarixli, 23120377 saylı və xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilələrə əsasən, “Samsung” paltaryuyan, “Gree” kondisioner, “Panasonic” blender, “Gorenge” izqara almış və nəticədə, 1359 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə, xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1226.4 manat (24 ay x 51.1 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 562 manat olmaqla, ondan 511 manat ödənilməmiş hissə, 51 manat dəbbə, xx.xx.2021-ci il tarixli, 23120420 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 192.6 manat (12 ay x 10.7 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 128 manat olmaqla, ondan 117 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23120377 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 182.4 manat (12 ay x 15.2 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 60 manat olmaqla, ondan 55 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 813.6 manat (24 ay x 33.9 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 609 manat olmaqla, ondan 554 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1178 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23120420 saylı və xx.xx.2021-ci il tarixli, 23120377 saylı müqavilələr üzrə ödənişlər etdiyi üçün iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 51.1 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 33.9 manat ödəniş etməklə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, alıcı müqavilələrə əsasən, əşyaları İddiaçı MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcının xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilə üzrə 511 manat əsas, 51 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23120420 saylı müqavilə üzrə 117 manat əsas, 11 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23120377 saylı müqavilə üzrə 55 manat əsas, 5 manat cərimə və xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilə üzrə 554 manat əsas, 55 manat cərimə olmaqla, ümumilikdə, cəmi 1359 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, alıcıya müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2020-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1ron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 19 saylı evin 65 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqaviləyə əsasən, 461.1 manat ödənilməmiş hissə üzrə hesablanmış 46.9 manat cərimənin və xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqaviləyə əsasən, 503.8 manat ödənilməmiş hissə üzrə hesablanmış 50.2 manat cərimənin azaldılaraq hər birinin 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 33.59 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 24 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalıq qalan 9.59 manat dövlət rüsumu məbləği isə iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilə üzrə 461.1 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilə üzrə isə 503.8 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə, cəmi 974.9 manat borc və 24 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22131728 saylı müqavilə üzrə 461.1 (dörd yüz altmış bir manat on qəpik) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23155412 saylı müqavilə üzrə 503.8 (beş yüz üç manat səksən qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla, ümumilikdə, cəmi 974.9 (doqquz yüz yetmiş dörd manat doxsan qəpik) manat borc və 24 (iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar