Məhkəmə qərarları › İş №e-2(012)-135/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-135/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-135/2024 10.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadıq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3, Cavabdeh1 iştiarkalrı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh1 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 5000 manat sığorta ödənişi və 70.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5070.40 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunmuş pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 məxsus “Kamaz 5410” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı və "xxxx" MMC-yə məxsus “Ford Transit yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. AR DİN Bİnəqədi rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına və müvafiq inzibati tənbehvermə haqqında qərarına əsasən “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Binəqədi rayon DYPŞ tərəfindən “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 barəsində tərtib edilmiş müvafiq inzibati tənbehvermə haqqında qərardan məlum olur ki, o, yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PDS********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə şirkət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanması barədə aktlara əsasən hadisə nəticəsində “Kamaz 5410” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 250 (iki yüz əlli), “Ford Transit yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 1028/1029 saylı sığorta aktlarına və xx.xx.2021-ci il tarixli, 5513/5514 saylı ödəniş tapşırıqlarına əsasən mütənasib qaydada hesablanaraq 147,00 (yüz qırx yeddi) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Kamaz 5410” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1, 4852,94 (dörd min səkkiz yüz əlli iki manat doxsan dörd qəpik) manat isə “Ford Transit yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-nin müvafiq bank hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, 06-05/745 saylı pretenziya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 geri ödənilməsi tələb edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məznununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, iddianın əsaslı olması işə əlavə edilmiş ekspert rəyi ilə bir daha təsdiq olunur. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək standart (icbari) müqavilə növündə sığortalanmış Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus ödənişi “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 300 manat, bonus-malus əmsalı 0,70 olmaqla yekun sığorta haqqı 210 manat dəyərində sığortalanmışdır. -Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1028 saylı aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi məqsədilə X2 147,05 manat sığorta ödənişi edilmişdir. -Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1029 saylı aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi məqsədilə "xxxx" MMC-yə 4852,94 manat sığorta ödənişi edilmişdir. -Dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Ford Transit yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 8250 manat hesablanmışdır. -Dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Kamaz 5410” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 250 manat hesablanmışdır. -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" MMC-nin hesabına 1029 saylı akta əsasən sığorta ödənişi olaraq 4852,94 manat köçürülmüşdür. -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 hesabına 1028 saylı akta əsasən sığorta ödənişi olaraq 147,05 manat köçürülmüşdür. -İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, saat 08:00-da Bakı şəhəri Binəqədi-Balxanı yolunda “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ara məsafəsi gözləmədən idarə edərkən yol hərəkət qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -Yük avtonəqliyyatı üçün ĞRİ 139683 saylı, xx.xx.2021-ci il tarixli yol vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi mülkiyyətində olan “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC marşrutu üzrə Cavabdeh1 tərəfindən idarə edilməsinə razılıq verilmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5719/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomobillərin texniki Xidməti” Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Ford Transit” minik markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7150,0 manat, 1988-ci il buraxılışlı “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 250,0 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmış Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin mülkiyyətində olan “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən anda Cavabdeh1 tərəfindən ara məsafəsi gözlənilmədən idarə edilmişdir. xx.xx.2021-ci il tarixdə, saat 08:00-da Bakı şəhəri Binəqədi-Balxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində“Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-nin mülkiyyətində olan “Ford Transit yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bu avtomobilə 8250 manat zərər dəymiş, X1 mülkiyyətində olan təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7150,0 manat, “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu avtomobilə isə 250 manat zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini ara məsafəsi gözləmədən idarə etmiş, bununla da yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobillərə dəymiş ümumi zərərin məbləği 8500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən göründüyü kimi, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, saat 08:00-da Bakı şəhəri Binəqədi-Balxanı yolunda “Zil MMZ” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ara məsafəsi gözləmədən idarə edərkən yol hərəkət qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Ford Transit yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı və “Kamaz” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə iddiaçı tərəfindən dəymiş zərər cəmi 8500 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, sübut növü kimi qəbul edir və sığorta ödənişi kimi edilmiş 5000 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehlərdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin, məhkəmə hesab edir ki, bu məbləğ hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qəza törətmiş avtomobili Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin yük avtonəqliyyatı üçün ĞRİ 139683 saylı, xx.xx.2021-ci il tarixli yol vərəqəsinə əsasən idarə etmişdir. AZEMİS məlumatlarından da görünür ki, o, Birliyin sürücüsüdür. Belə olan halda, qüvvədə olan qanunvericiliyə əsasən dəymiş maddi zərər hər iki cavabdehdən tutulur. Mülki Məcəllənin 1099.1. maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə dəymiş zərərin əvəzi olaraq 5000 manat sığorta ödənişi cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən müştərək qaydada tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 70,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə isə 50 manat pul vəsaiti cavabdehlərdən birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70.40 (yetmiş manat qırx qəpik) manat olmaqla, ümumilikdə, cəmi 5070,40 (beş min yetmiş manat qırx qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar