Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1355/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan və “Braun” markalı ütü üçün 1284 manat ödənilməmiş hissə, 128 manat dəbbə olmaqla, ümumilikdə 1412 manat borc və ödənilmiş dövlət rüsumuna görə 34,12 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan və “Braun” markalı ütü almış və nəticədə 1412 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1360,08 manat (yəni 18 ay x 75,56 manat + 0 manat ilkin ödəniş) «Samsung» markalı paltaryuyan və “Braun” markalı ütü üçün ümumilikdə 1412 manat olmaqla, ondan 1284 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 128 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 76,08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi. O bildirdi ki, tətbiq edilən cərimə ilə razı deyil, lakin əsas borcu qəbul edir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən «Samsung» markalı paltaryuyan və “Braun” markalı ütü qəbul etmiş, həmin malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan və “Braun” markalı ütü üçün 1284 manat ödənilməmiş hissə, 128 manat dəbbə olmaqla, ümumilikdə 1412 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 128 manat dəbbənin məbləği azaldılmalı və 1 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan və “Braun” markalı ütü üçün 1284 manat ödənilməmiş hissə, 1 manat dəbbə olmaqla, ümumilikdə 1285 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 34,12 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1284 manat ödənilməmiş hissə, 1 manat dəbbə olmaqla, ümumilikdə 1285 manat və dövlət rüsumu üçün 34,12 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1355/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1355/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver