Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-138/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 534,71 manat gecikdirilmiş əsas, 152,31 manat gecikdirilmiş mükafat məbləği və həmin günə hesablanmış 324,97 manat dəbbə pulu, lizinq obyekti olan “Renault Tondar” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 943,82 manat olmaqla, ümumilikdə 1955,81 manat borcun və ödənilmiş 100,4 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsinə əsasən onun sifarişi ilə 2021-ci il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 9800 manat dəyərləndirilərək İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 17 % ödəməklə 36 aylıq müddətə hər ay 349.4 manat olmaqla, ümumilikdə 12578 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 21 yanvar 2022-ci il tarixdə X6, X2 və İddiaçı MMC arasında MAS-3926 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 14 iyun 2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri E.Hüseynov öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 03 sentyabr 2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə sonuncu ödəniş 14 dekabr 2022-ci il tarixdə 55 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Renault Tondar” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 fevral 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 943,82 manat məbləğində zərər vurduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-3926 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə ümumilikdə 1011,99 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC ilə X6 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC lizinq alan - X6 tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – dəyəri 9800 manat, “Renault Tondar” minik markalı, ağ rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvələ müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ayda 1 dəfə 349,4 (sonuncu ay 349,34) manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müddəti 36 ay təşkil edir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan dəyəri 9800 manatlıq “Renault Tondar” minik markalı, ağ rəngli nəqliyyat vasitəsi X4 təqdim edilmişdir. - İddiaçı MMC ilə X6 və X2 arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli MAS-3926 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC-nin öhdəlikləri ötürən X6 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsi üzrə X6 Cəmiyyət qarşısında götürdüyü bütün öhdəlikləri X1 ötürmüş, sonuncu isə öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edərək, bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Renault Tondar” minik markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 təhvil verilmişdir. - İddiaçı MMC ilə X5 və Cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli MAS-3926 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC-nin öhdəlikləri ötürən arasında bağlanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş, sonuncu isə öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edərək, bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Renault Tondar” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - İddiaçı MMC Servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Renault Tondar” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə təmir-bərpa işlərinə 943,82 manat vəsait tələb olunur. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 937 saylı xəbərdarlığından (pretenziya məktubu) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə MMC-yə 14 iyun 2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 943,82 manat məbləğində yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə isə o, “daxili lizinq müqaviləsi”nin 15 gün ərzində birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinə qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2023-cü il tarixli, 1173 saylı arayışdan görünür ki, Cavabdeh 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 534,71 manat əsas, 152,31 manat mükafat və həmin günə hesablanmış 324,97 manat cərimə pulu, cəmi 1011,99 manat borcu vardır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6943 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Renault Tondar” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 736,8 manat müəyyən edilir. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi ona 324,97 manat dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hazırki iddia tələbi üzrə 324,97 manat məbləğində dəbbə (cərimə) pulunun azaldılaraq 6,18 manat məbləğində hesablanmasını qanuni, əsaslı və ədalətli olmaqla, iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən tələblər müəyyənləşdirilən zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, lizinq alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, İddiaçı MMC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan lizinq obyektini istismar edərkən onu yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı MMC bu maddi zərərin dəyərini məlum qüsur aktına əsasən 943,82 manat məbləğində hesablamışdır. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı ekspert tərəfindən hesablanmış və xx.xx.2023-cü il tarixli, 9/6943 saylı rəylə müəyyən edilmişdir ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Renault Tondar” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 736,8 manat təşkil edir. Məhkəmə lizinq obyektinə görə dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 736,8 manat pul tutulmalıdır. Mülki Мəcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən cavabdehdən iddiaçının xeyrinə 534,71 manat əsas, 152,31 manat mükafat və 6,18 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 736,8 manat olmaqla, cəmi 1430 manat pul və 100.4 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 14 iyun 2021-ci il tarixli MAS-3926 saylı daxili lizinq müqaviləsinə əsasən 534,71 manat əsas, 152,31 manat mükafat və 6,18 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 736,8 manat olmaqla, cəmi 1430 manat pul və 100,4 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-138/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-138/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver