Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-143/2025 20.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 1858,50 manat ziyanın və ödənilmiş 38,59 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilnmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, öz təsdiqini tapmışdır. “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də kasko sığorta növündə sığortalandığından, sonuncu tərəfindən “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-yə 1858,50 manat ödəniş etmişdir. “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobil isə "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində 7787 nömrəli ödəniş tapşırığı ilə 1858,50 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin PXA 88424 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış X1 məxsus olan “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə ümumilikdə 1858,50 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün "xxxx" ASC-yə ödənilmişdir - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 1858,50 manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına "xxxx" ASC tərəfindən köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 1858,50 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli PXA ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus olan “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sığorta haqqı 75 manat, Bonus-Malus əmsalı 0.65 olmaqla, yekun sığorta haqqı 48,75 manat olmaqla "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilən “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona ziyan vurmuşdur. - İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimələnmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilən “VAZ 2106” markalı, ** BT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “VOLKSWAGEN PASSAT CC” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona ziyan vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinin tələblərini pozmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan dəymiş, həmin ziyana görə ümumilikdə 1858,50 manat məbləğində pul xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 1858,50 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı heç bir nəticə verməmişdir. Bununla belə, təqdim edilmiş qüsur aktında göstərilən zərərin məbləğindən də az miqdarda zərərin yetirilməsi barədə cavabdeh məhkəməyə hər hansı legitim sübut təqdim etmədiyindən, məhkəmə zərərin məbləği barədə xx.xx.2021-ci il tarixli aktı mötəbər sübut kimi qəbul edir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1858,50 manat pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 38,59 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1858,50 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 38,59 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-143/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-143/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver