Məhkəmə qərarları › İş №e-2(012)-1575/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1575/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1575/2022 02.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı MMC-nin Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 859 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, kiçik iddialara dair ərizə ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.5. maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Mülki iş materiallarından göründüyü kimi, X1 çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh Qazax rayonu Qaymaqlı kəndində qeydiyyatdadır. Bununla da, iddiaçı Abşeron rayon Məhkəməsinə müraciət etməklə iddia ərizəsinin ərazi aidiyyəti qaydasına riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 35.1 maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə həmçinin, qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, tərəflər Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə aidiyyəti qaydalarına uyğun olaraq müqavilə şərtlərini müəyyən etmiş, lakin müqavilədən göründüyü kimi, müqavilədə ilkin olaraq tərəflər arasında mübahisə yarandığı təqdirdə mübahisənin “Bakı şəhəri Xəzər rayon Məhkəməsi” yazılmasına baxmayaraq, həmin sözlərin üzərindən xətt çəkilmiş daha sonra düzəliş edilərərk “Abşeron rayon Məhkəməsi”ndə olması barədə razılığa gəlmişlər göstərilmişdir. Göründüyü kimi, müqavilə üzərində düzəlişlər edilməsinə baxmayaraq, səlahiyyətli şəxs tərəfindən həmin düzəliş təsdiq olunmamış, və həmin düzəlişin mübahisə doğurması istisna edilmədiyindən məhkəmə iddia ərizəsinin ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin qeydə alındığı ünvan üzrə məhkəməyə verilmədiyindən iddia ərizəsinin geri qaytarılması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı MMC-nin Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar