Məhkəmə qərarları › İş №e-2(012)-1760/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1760/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1760/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK PRO 16 Üçün 4992.39 (dörd min doqquz yüz doxsan iki manat, otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 1068.61 (bir min altmış səkkiz manat, altmış bir qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TVüçün 420.76 (dörd yüz iyirmi manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 126.24 (yüz iyirmi altı manat, iyirmik dörd qəpik) manat dəbbə; ümumilikdə 6608 manat borc və 86.08 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, APPLE MACBOOK PRO 16, LG LED TV almış və nəticədə 6608 (altı min altı yüz səkkiz) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7660.06 (yeddi min altı yüz altmış manat, altı qəpik) manat (18 ay x 356.67 manat + 1240 manat ilkin ödəniş) olan APPLE MACBOOK PRO 16 üçün ümumilikdə, 6061 (altı min altmış bir) manat olmaqla ondan, 4992.39 (dörd min doqquz yüz doxsan iki manat, otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 1068.61 (bir min altmış səkkiz manat, altmış bir qəpik) manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1524.96 (bir min beş yüz iyirmi dörd manat, doxsan altı qəpik) manat (18 ay x 84.72 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 547 (beş yüz qırx yeddi) manat olmaqla ondan, 420.76 (dörd yüz iyirmi manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 126.24 (yüz iyirmi altı manat, iyirmi dörd qəpik) manat dəbbə borcu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3771.87 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə və ona edilmiş əlavələrdən görünür ki, Cavabdeh MMC-dən LG Led markalı televizoru tam qüsursuz qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 03903319 saylı müqavilədən görünür ki, Cavabdeh MMC-dən Apple macbook pro 16 markalı malı tam qüsursuz qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 420,76 manat ödənilməmiş hissə, 126,24 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4992,39 manat ödənilməmiş hissə, 1068,61 manat dəbbə olmaqla, ümumilikdə 6608 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 86,08 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 126,24 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1068,61 manat dəbbə məbləği azaldılmalı və müvafiq olaraq 4 manat və 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 86,08 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 86,08 manat dövlət rüsumunun 11.41 manatı iddiaçıya, 74.67 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 420,76 manat ödənilməmiş hissə, 4 manat dəbbə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4992,39 manat ödənilməmiş hissə, 50 manat dəbbə olmaqla, ümumilikdə 5467,15 manat borc və 74,67 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş dövlət rüsumunun 11,41 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 420,76 manat ödənilməmiş hissə, 4 manat dəbbə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4992,39 manat ödənilməmiş hissə, 50 manat dəbbə olmaqla, ümumilikdə 5467,15 manat borc və 74,67 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 11,41 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar