Məhkəmə qərarları › İş №e-2(012)-1897/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1897/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1897/2022 17.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 26.07.2021-ci il tarixli SGX000019 saylı müqavilə üzrə 407 manat əsas, 22.27 manat cərimə olmaqla, ümumilikdə cəmi 429.27 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq X3 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X4” ilə Cavabdeh arasında bağlanmış 26.07.2021-ci il tarixli SGX000019 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 407 manat dəyərində nisyə aldığı malın qiymətini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə fiziki şəxs “X4” arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “X4”-in Cavabdeh qarşı olan 407 manat tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC 18.11.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, cavabdehin bu günə 407 manat əsas, 22.27 manat cərimə borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı QSC-nin məhkəməyə ünvanladığı 17.05.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı 17.05.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, fiziki şəxs “X4” ilə bağladığı 26.07.2021-ci il tarixli SGX000019 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 407 manat dəyərində nisyə aldığı malın qiymətini 12 ay müddətində hissə-hissə ödəmək şərtilə almışdır. Ödənişlərini vaxtlı-vaxtında yerinə yetirsə də, sonradan maddi vəziyyətinin çətinləşməsi ilə əlaqədar olaraq ödəniş edə bilməmişdir. Hazırda, iddiaçı Ferrum Kapital QSC-nin iddia tələblərini qəbul edir, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı fiziki şəxs “X4” ilə alıcı Cavabdeh arasında bağlanmış 26.07.2021-ci il tarixli SGX000019 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə-1-də göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul edib bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Nisyə alqı-satqı müqaviləsinə əlavə-1-dən görünür ki, alıcı ödəniş cədvəlinə əsasən qiyməti 407 manat olan əşyanı hər ay 34 manat (sonuncu ay 33 manat) ödəniş etmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. -Təhvil-təslim aktından görünür ki, alıcı müqavilə üzrə nəzərdə tutulmuş malı təhvil almışdır. -R-624/20 saylı 10.11.2020-ci il tarixli faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan R-624/20-0055 saylı, 19.11.2021-ci il tarixli sazişdən görünür ki, İddiaçı MMC ilə fiziki şəxs “X4” arasında imzalanan faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə keçmiş və buna dair alıcıya müvafiq bildiriş təqdim edilmişdir. -İddiaçı QSC tərəfindən verilmiş 16.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcının 26.07.2021-ci il tarixli SGX000019 saylı müqaviləyə əsasən 407 manat əsas, 22.27 manat cərimə olmaqla cəmi 429.27 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc 20.02.2022-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı QSC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 18.11.2020-ci il tarixli, **********891500 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X2r. -Abşeron RPŞ tərəfindən verilmiş 23.12.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hacıyev X1 rayonu Novxanı kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə, iddiaçı Ferrum Kapital MMC-nin tələb irəli sürməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 146-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Mülki iş materiallarına əlavə olunmuş öhdəliklərin ötürülməsinə dair R-624/20 saylı 10.11.2020-ci il tarixli faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan R-624/20- 0055 saylı, 19.11.2021-ci il tarixli sazişə əsasən, Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Beləliklə də, İddiaçı MMC-nin alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair Cavabdeh münasibətdə tələb irəli sürməyə subyektiv hüququ yaranmış və o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin: 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı QSC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşya almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 26.07.2021-ci il tarixli SGX000019 saylı müqavilə üzrə 407 manat əsas, 22.27 manat cərimə olmaqla cəmi 429.27 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 26.07.2021-ci il tarixli SGX000019 saylı müqavilə üzrə 407 (dörd yüz yeddi) manat əsas, 22.27 (iyirmi iki manat iyirmi yeddi qəpik) manat cərimə olmaqla cəmi 429.27 (dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar