Məhkəmə qərarları › İş №e-2(012)-204/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-204/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-204/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə 31 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 yanvar 2021 -ci il tarixli MAS-3201 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 yanvar 2022-ci il tarixə 132.53 manat gecikdirilmiş əsas, 260.17 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 360.34 manat dəbbə pulu, 4347.50 manat dəymiş zərər, ümumilikdə 5100.54 manat borc və ödənilmiş 71.41 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərmaş" MMC ilə X4 arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2020ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320069 ban, 147H0475122 mühərrik nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 21 sentyabr 2021-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-3201 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 yanvar 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4347.50 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 noyabr 2021-ci il tarixdə 901 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 yanvar 2022-ci il tarixə 132.53 manat gecikdirilmiş əsas, 260.17 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 360.34 manat dəbbə pulu, ümumilikdə 753.04 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq" müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı MMC iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyun 2022-ci il tarixli MAS-5318 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 yanvar 2022-ci il tarixə 132.53 manat gecikdirilmiş əsas, 260.17 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 360.34 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 4347.50 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 96 manat, ümumilikdə 5196.54 manat borc və ödənilmiş 72.37 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan “Azərmaş" MMC ilə X4 arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq müqaviləsi”ndən müəyyən edilir ki, müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı, yəni lizinq obyektini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 16700 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Mülki işin materiallarından olan 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq müqaviləsi”nə 1 saylı Əlavədən müəyyən edilir ki, “Azərmaş" MMC ilə X4 arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə əldə olunan əmlak - “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320069 ban, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Mülki işin materiallarından olan 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq müqaviləsi”nə 2 saylı Əlavədən, yəni alıcı “Azərmaş" MMC, satıcı "xxxx" MMC və lizinq alan X4 tərəfindən tərtib edilmiş təhvil-təslim aktından müəyyən edilir ki, X4 **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarından olan 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq müqaviləsi”nə 3 saylı əlavədən müəyyən edilir ki, X4 illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay 397.67 manat, ümumilikdə isə 16700 manat məbləğində pulu “Azərmaş" MMC -nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Son ödəmə tarixi 23.01 2025-ci ildir. Mülki işin materiallarından olan 21 sentyabr 2021-ci il tarixli MAS-3201 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən müəyyən edilir ki, X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-3201 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış, 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işin materiallarından olan 21 sentyabr 2021-ci il tarixli X4 ilə Cavabdeh tərəfindən tərtib edilmiş təhvil-təslim aktından müəyyən edilir ki, Cavabdeh X2 istifadəsinə verilmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarından olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə Aktdan müəyyən edilir ki, yol hərəkətinə nəzarət zamanı “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə inzibati xəta törətmişdir və bununla əlaqədar olaraq nəqliyyat vasitəsi “Siqnal” İLİİ-nin 11 saylı mühafizə olunan duracağa yerləşdirilmişdir. Mülki işin materiallarından olan AD № 989105 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildən İddiaçı MMC-nin mülkiyyətindədir. Mülki işin materiallarından olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından müəyyən edilir ki, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün yekun ödəniləcək məbləğ 4347,50 manat təşkil edir. Mülki işin materiallarından olan Cavabdeh göndərilmiş gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 1111 saylı xəbərdarlıqdan müəyyən edilir ki, ondan borcun və dəymiş zərərin 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə daxili lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb olunacağı tələb olunmuşdur. Mülki işin materiallarından olan “Azari” Express poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş 20 aprel 2022-ci il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-dən qəbul edilmiş zərf qaimə (491039), Cavabdeh olan məktub qeyd olunan ünvanın natamam olması səbəbindən çatdırılmamışdır. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənişləri özündə əks etdirən hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 noyabr 2021-ci il tarixdə 901 manat məbləğində olmuşdur. Mülki işin materiallarından olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 1577 saylı arayışından müəyyən edilir ki, borclu Cavabdeh 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq” müqaviləsi üzrə 18 yanvar 2022-ci il tarixə gecikdirilmiş 132.53 manat əsas borc, gecikdirilmiş 260.17 manat mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 360.34 manat dəbbə pulu, ümumilikdə 753.04 manat borcu vardır. Beləliklə , təsvir olunanlara əsasən müəyyən olunur ki, lizinq obyekti olan İddiaçı MMC-nin mülkiyyətində olmaqla, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli MAS-3201 №-li Daxili Lizinq müqaviləsinə əsasən lizinq alan Cavabdeh lizinqə verilmişdir. Lakin, lizinq alan Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3201 №-li Daxili Lizinq müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı MMC-yə ödənilməli olan lizinq ödənişlərini həmin Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmiş, habelə avtomobilə maddi ziyan vurmuş, iddiaçı tərəfindən cavabdehin yol verdiyi inzibati xətaya görə iddiaçı tərəfindən cəmi 96 manat ödəniş aparılmışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2022-ci il tarixli, 9/7960 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3908 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın Cavabdeh İddiaçı MMC-nin xeyrinə 360.34 manat məbləğində cərimənin tutulması hissədə iddia tələbi qismən əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, cərimə tərəflər arasında bağlanmış müqavilənin lazımınca icra edilməmiş öhdəliyinə görə yaranmış olsa da, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və bununla da cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə cərimə borcunu 36 manata qədər azaldılmalıdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq obyekti cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı cavabdehin lizinq obyektini yararsız vəziyyətdə şirkətə təqdim etdiyini iddia etmişdir. Ekspert rəyi ilə sözügedən avtomobilin zədələndiyi və dəymiş ziyanın 3908 manat olduğu müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarına və maddi hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 132.53 manat gecikdirilmiş əsas, 260.17 manat gecikdirilmiş mükafat, hesablanmış 36 manat cərimə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün 3908 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 96 manat, ümumilikdə 4432.7 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 72.37 manat və ekspertiza xərci üçün 50 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 72.37 manat pul vəsaitinin 60 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 23 yanvar 2021-ci il tarixli MAS-3201 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 132.53 manat gecikdirilmiş əsas, 260.17 manat gecikdirilmiş mükafat, hesablanmış 36 manat cərimə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 3908 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 96 manat, ümumilikdə 4432.7 manat borc və ödənilmiş dövlət rüsumu üçün 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar