Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2074/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS-4381 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2023-cü il tarixə 237,70 manat gecikdirilmiş əsas, 139,73 manat gecikdirilmiş mükafat məbləği və həmin günə hesablanmış 311,41 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 4278,42 manat olmaqla, ümumilikdə 4967,26 manat borcun və ödənilmiş 69,68 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MAS-4381 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 5794 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 21 aprel 2023-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4381saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2023-cü il tarixli MAS-4381saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 noyabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4278.42 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4381saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2023-cü il tarixə ümumilikdə 688.84 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC ilə X2 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MAS-4381 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC lizinq alan - X2 tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – dəyəri 14950 manat, «Khazar LX” minik markalı, ağ rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvələ müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ayda 1 dəfə 389,61 (sonuncu ay 390,27) manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müddəti 48 ay təşkil edir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan dəyəri 14950 manatlıq «Khazar LX” minik markalı, ağ rəngli nəqliyyat vasitəsi X1 təqdim edilmişdir. - İddiaçı MMC ilə X2 və Cavabdeh arasında bağlanmış 21 aprel 2023-cü il tarixli MAS-4381 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC-nin öhdəlikləri ötürən X2 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MAS-4381 saylı daxili lizinq müqaviləsi üzrə X2 Cəmiyyət qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş, sonuncu isə öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edərək, bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - İddiaçı MMC Servisin tərtib etdiyi xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, «Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə təmir-bərpa işlərinə 4278,42 manat vəsait tələb olunur. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 048 saylı xəbərdarlığından (pretenziya məktubu) görünür ki, Cavabdeh 16.1.2023-cü il tarixə MMC-yə 29 sentyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 4278,42 manat məbləğində yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə isə o, “daxili lizinq müqaviləsi”nin 15 gün ərzində birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinə qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli, 431 saylı arayışdan görünür ki, Cavabdeh 29 sentyabr 2021ci il tarixli MAS-4381 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı MMCyə 237,70 manat əsas, 139,73 manat mükafat və həmin günə hesablanmış 311,41 manat cərimə pulu, cəmi 688,84 manat borcu vardır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3145 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı «Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3974 manat müəyyən edilir. Dəyişməli hissələrin qiyməti 1704 manat, təmir-bərpa işlərinin qiyməti 2270 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3825 manat müyyən edilir. O cümlədən, dəyişməli hissələrin qiyməti 1555 manat, təmir-bərpa işlərinin qiyməti 2270 manat. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi ona 311,41 manat dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hazırki iddia tələbi üzrə 311,41 manat məbləğində dəbbə (cərimə) pulunun azaldılaraq 7,57 manat məbləğində hesablanmasını qanuni, əsaslı və ədalətli olmaqla, iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən tələblər müəyyənləşdirilən zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, lizinq alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, İddiaçı MMC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan lizinq obyektini istismar edərkən onu yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı MMC bu maddi zərərin dəyərini məlum qüsur aktına əsasən 4278,42 manat məbləğində hesablamışdır. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı ekspert tərəfindən hesablanmış və xx.xx.2024-cü il tarixli, 9/3145 saylı rəylə müəyyən edilmişdir ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla «Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3825 manat təşkil edir. Məhkəmə lizinq obyektinə görə dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 3825 manat pul tutulmalıdır. Mülki Мəcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS-4381 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 237,70 manat əsas, 139,73 manat mükafat və 7,57 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 3825 manat olmaqla, cəmi 4210 manat pul və 69,68 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS-4381 saylı daxili lizinq müqaviləsinə əsasən 237,70 manat əsas, 139,73 manat mükafat və 7,57 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 3825 manat olmaqla, cəmi 4210 manat pul və 69,68 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2074/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2074/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver