Məhkəmə qərarları › İş №e-2(012)-2134/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2134/2025

13.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2134/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1981,13 manat borcun tutularaq **********091 saylı abonent koduna və 39,82 manat dövlət rüsumunun iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddia tələbinin geri qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2134/2025 saylı xx.xx.2025-ci il tarixli qəraradı ilə iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə iddia icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, **********091 su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 1981,13 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsində və izahatında bildirmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001 -ci il 27 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.Mülki Məcəllə 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir: Plenum belə nəticəyə gəlmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. 18-ci fəsil: Azərbaycan Respublikası Mülki Məcəlləsi 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri yəni 3 il müddət tətbiq edilməlidir. Bundan başqa iddiaçı ərizəsində xəbərdarlıq məktubu verildiyini qeyd etsədə, ev ünvanına hər hansı xəbərdarlıq məktubu gəlməmiş və təhvil alınmamışdır. Digər ərizəmdə ətraflı geyd edəcəyəm. Məhkəmə bildirişi 22 fevral 2025-ci il tarixində təhvil alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddiadan imtina edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abonent kartından görünür ki, abonent kodu **********091 olan, ünvan 2 ünvanına xx.xx.2012-ci il tarixli, 32326162 saylı müqavilə əsasında xx.xx.2013-cü il tarixdə SSS-15 markalı, 980317 nömrəli, 281967 plomb nömrəli sayğac quraşdırılmış və 1981,13 manat borc hesablanmışdır. -«İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Orucov X1 rayonu, G.Veysəlli kəndi ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin: İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə 32326162 nömrəli müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçı-iddiaçıya məxsus ünvan 2 ünvanına xx.xx.2013-cü il tarixdə SSS-15 markalı, 980317 nömrəli, 281967 plomb nömrəli sayğac quraşdırılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 32326162 saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 1981,13 manat borc yaranmışdır. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 ilə bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərdən istifadə etməsinə baxmayaraq, həmin xidmətlərin göstərilməsinə görə dəyərini tam və vaxtında ödəməməklə müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1. bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 7.4. bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəyə münasibət bildirərək qeyd edir ki, abonent kartından görünür ki, cavabdeh ona hesablanmış borc məbləğləri üzrə illərə uyğun olaraq vaxtaşırı ödənişlər etmiş sonuncu ödənişdən üç il müddət keçməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tədbiqi barədə ərizə əsassız olduğundan nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, abonent kartına əsasən, cavabdehin 1981,13 manat borcunun yaranması müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə su təchizatı və tullantı sularının axıdılmasına görə 1981,13 manat pul vəsaiti tutulmalıdır. Bundan başqa, iddia tələbindən görünür ki, ərizənin verilməsi üçün 39,82 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılmasına görə 1981,13 (min doqquz yüz səksən bir manat on üç qəpik) manat pul vəsaiti və 39,82 (otuz doqquz manat səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar