Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-214/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 657,13 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərcin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (abonent kodu **********000) arasında 26 aprel 2019-cu il tarixdə müqavilə bağlanmış, 27 aprel 2019-cu il tarixdə sayğac quraşdırılmış və həmin vaxtdan abonentə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Sonuncu dəfə isə 18 oktyabr 2023-cü il tarixdə sonuncu dəfə abonentin ünvanına sayğac quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 657,13 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, sahibkarlıq subyekti olan obyektlərə sayğac 250 manatdan başlayaraq ödəniş əsasında quraşdırılır. Fiziki şəxs olan vətəndaşların ünvanına isə sayğaclar pulsuz quraşdırılır. Yeni sayğaclar vətəndaşların ünvanına onların xidmətdən məmnun qalması məqsədi ilə quraşdırılır. Yaranmış borca görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti xidməti dayandırmır. Göstərilənlərə əsasən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 657,13 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərcin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, atası xərçəng xəstəliyinə tutulmuşdur. Bununla əlaqədar yaranmış maddi çətinliklə bağlı sözügedən borc yaranmışdır. Həmçinin tərəflərindən borc məbləği qapıya gələn şəxslərə ödənilmişdir. Lakin bu onların səhvidir. Buna baxmayaraq, hazırda hər ay 50 manat ödəməklə yaranmış borcu ödəyirlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: **********000 kodlu abonentin (Cavabdeh) abonent kartından görünür ki, xx.xx.2019cu il tarixli, 41279115 nömrəli müqavilə üzrə abonent Cavabdeh ünvan 2 ünvanı üzrə su təchizatına görə 657,13 manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinə 657,13 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. 10 gün müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda su təchizatının dayandırılmaqla yaranmış borcun, ödənişin gecikdirildiyi hər gün üçün dəbbə pulunun və məhkəmə xərclərinin hesablaraq məhkəmə vasitəsi ilə ödənilməsinin təmin olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır; 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarın 4cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 04 nömrəli İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 31 yanvar 2011-ci il tarixli 01 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,30 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli 06 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,35 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 968/52 ünvanında yerləşən ev İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatı və tullantı suların axıdılması xidməti ilə təmin edildiyindən xx.xx.2019-cu il tarixli, 41279115 nömrəli müqavilə üzrə qeydiyyata alınmışdır. Lakin cavabdeh tərəfindən su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 657,13 manat borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borca görə 657,13 (altı yüz on yeddi manat, on üç qəpik) manat məbləğində pul tutularaq **********000 saylı abonent koduna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borca görə 657,13 (altı yüz on yeddi manat, on üç qəpik) manat məbləğində pul tutularaq **********000 saylı abonent koduna ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-214/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-214/2024
09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver