Məhkəmə qərarları › İş №e-2(012)-215/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-215/2025

07.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-215/2025 07.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Atyalı – Nübar qəsəbəsi, Quşçuluq massivinin yanında məcburi köçkün kimi məskunlaşmış Cavabdeh tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş 300 mm-lik boru xəttinin mühafizə zonasında, kəmərdən 45 metr aralı məsafədə 9X5 metr ölçülərdə, 2.20 metr hündürlüyündə dam (toyuq, cücə saxlanılması üçün) tikilisi və 50 metr uzunluğunda dəmir lövhələrdən ibarət hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ərizə ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edərək məcburi köçkün kimi 1996-cı ildən Abşeron rayonu, Atyalı – Nübar qəsəbəsi, Quşçuluq massivinin yanında məskunlaşdığını, həmin ərazidə özünə məxsus heyvanların saxlanılması üçün tövlə tikmək istədiyini, lakin SOCAR-ın “Neft Kəmərləri” İdarəsi tərəfindən buna icazə verilmədiyini bildirmişdir. SOCAR-ın Baş ofisi tərəfindən cavabdehin ərizəsinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan kəmərlərin mühafizə zonası daxilində yerləşməklə yanaşı, həm də əvvəlcədən mövcud olan “Qaz İxrac” İdarəsinin istismarında olan magistral qaz kəmərinin və Heydər Əliyev adına X4 (NEZ) istismarında olan 4 ədəd neft kəmərinin mühafizə zonası daxilində yerləşir. Mövcud vəziyyətin yerində araşdırılması məqsədilə həmin əraziyə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Atyalı-Nübar qəsəbəsində yaşayan Cavabdeh tərəfindən həmin ünvanda NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş 300 mm-lik boru xəttinin mühafizə zonasında, kəmərdən 45 metr aralı məsafədə 9x5 metr ölçülərdə, 2.20 metr hündürlüyündə dam (toyuq, cücə saxlanılması üçün) tikilisi və 50 metr uzunluğunda dəmir lövhələrdən ibarət hasar tikilisi mövcuddur. Həmin xəttə paralel “Azərkimya” İstehsalat Birliyinə gedən Dş 200 mm-lik quru qaz xətti və Dş 250 mm-lik nafta xətti mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsinin “Abşeron rayonu, Atyalı - Nübar qəsəbəsi, Quşçuluq massivinin yanında məcburi köçkün kimi məskunlaşmış Cavabdeh tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş 300 mm-lik boru xəttinin mühafizə zonasında, kəmərdən 45 metr aralı məsafədə 9x5 metr ölçülərdə, 2.20 metr hündürlüyündə dam (toyuq, cücə saxlanılması üçün) tikilisi və 50 metr uzunluğunda dəmir lövhələrdən ibarət hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, damın ölçüləri 9x7-dir. Damın tikilməsi üçün ərizə ilə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Heydər Əliyev adına X4 xx.xx.2020-ci il tarixli arayışına əsasən, Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft borcu kəmərləri 1993-cü ildə “Azərikimya” İBnin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. -Suliddin Məmmədəliyev, Süleyman Əliyev, Ramiz Sədiyev, Səid Məmmədov və Samir Quliyev tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 22/115 saylı aktın surətindən görünür ki, Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan və DŞ 300 mm neft boru kəmərindən hesablanan 50 metrlik “Mühafizə Zonası”na baxış keçirərkən məlum olmuşdur ki, Abşeron rayonu, Atyalı, Nübar qəsəbəsində yaşayan Cavabdeh tərəfindən həmin ünvanda 9x5 ölçülərdə, 2.2 metr hündürlükdə dam (toyuq, cücə saxlanılır) tikilisi və 50 metr uzunluğunda dəmir lövhədən ibarət hasar tikintisi tərəflərindən aşkarlanmışdır. Dam və hasar tikilisi “Mühafizə Zonası”nın 45 metrliyində yerləşir. Həmin ərazidən DŞ 300 mm neft boru kəmərinə paralel DŞ 200 və 250 mm neft boru kəməri keçir. -Cavabdeh tərəfindən ARDNŞ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, o (Cavabdeh) məcburi köçkün kimi 1996-cı ildən Abşeron rayonu, Atyalı- Nübar qəsəbəsi, Quşçuluq massivinin yanında məskunlaşmışdır. Məskunlaşdığı və ona məxsus olan həyətyanı sahəsində kiçik ailə təsərrüfatı quraraq öz ailəsi ilə yanaşı qardaşı və digər yaxın qohumlarının da heyvandarlıq fəaliyyəti ilə məşğul olaraq ailələrini dolandırmasına şərait yaratmışdır. Evi və tövləsini böyütmək qərarına gəlmiş, tikiliyə başlamış, lakin maddi səbəblərə görə tikinti işləri dayandırılmışdır. Hal-hazırda yarımçıq saxladığı kiçik tövləsinin tikintisini davam etdirmək istəyir, ancaq Böyükşor-Sumqayıt DŞ- 700 mm-lik yeraltı neft boru kəmərinin 25-ci km-də yeni fəaliyyətə başlamış kəmərə görə Kəmərlər İdarəsi icazə vermir. Səbəb olaraq bir neçə ay əvvəl tikintisi başa çatmış və neft kəmərlərinin çəkilişi zamanı evi və tövləsinin 30 metrliyinə qədər yaxınlaşmış yeni kəmərdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti İsmayıl Zərgərli tərəfindən Cavabdeh ünvanlanmış 14-2/2-N-12xx-xx/2024 saylı, 04 aprel 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı tikinti işləri aparılması nəzərdə tutulmuş torpaq sahəsinə dair hüquq təsdiqedici sənədlərin mövcud olmadığı müəyyən olunmuşdur. Qanunvericiliyin qeyd olunan normalarına əsasən kəmərlərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən torpaq sahəsində tikinti işlərinin aparılmasının yolverilməz olduğu bildirilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətİ DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2- 2303/2025 saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət X4 yerüstü boru xətti ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə ara məsafəsi sxemdə göstərilmişdir. -AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1794 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Atyalı - Nübar qəsəbəsi, Quşçuluq massivinin yanında yerləşən Dş-300 mm boru kəməri (kerosin) ilə hin tikilisinə qədər məsafənin 46 metr olduğunu nəzərə alaraq həmin tikilinin 4 metr hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 NQ-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məlumatlarından görünür ki, Cavabdeh qaçqınlıq və ya məcburi köçkünlük statusu var. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə Heydər Əliyev adına X4 balansında olan neft boru kəmərinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin subyektiv hüququ mübahisə olunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyininvə Strateji Obyektlərin X1 (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Atyalı – Nübar qəsəbəsi, Quşçuluq massivinin yanında Cavabdeh tərəfindən inşa edilmiş dam tikilisinin 4 metr hissəsi iddiaçı Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 45 metr aralı məsafədə, yəni neft boru kəmərinin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdeh nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qeyd edilən inşa edilmiş dam tikilisi inşa etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, qeyd edilən tikili Cavabdeh məxsus olmaqla qanunsuz tikilmişdir. Eyni zamanda iş materialları, həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1794 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində həmin ərazidə cavabdeh tərəfindən inşa edildiyi irəli sürülən dəmir lövhələrdən ibarət hasar aşkarlanmamış, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında dam tikilisinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında dövlət büdcəsinə 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün 95 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməsinə baxmayaraq, cavabdeh (məcburi köçkün olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 95 manat mütəxəssis tədqiqatının dəyərinin yarısı (47.5 manat) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan yarısı - 47.5 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 45 metr aralı məsafədə (neft boru kəmərinin mühafizə zonasında) Abşeron rayonu, Atyalı - Nübar qəsəbəsi, Quşçuluq massivi ünvanda Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (Abşeron rayonu, Atyalı-Nübar qəsəbəsi, Quşçuluq massivi ünvanda yerləşən dam tikilisinin iddiaçıya məxsus neft boru xəttinin mühafizə zonası ilə üst-üstə düşən) 4 metr hissəsi sökülməli, ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis tədqiqatının dəyərinin yarısı – 47.5 manat hissəsi iddiaçıya aid edilməli, mütəxəssis tədqiqatının dəyərinin qalan yarısı - 47.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 45 metr aralı məsafədə (neft boru kəmərinin mühafizə zonasında) Abşeron rayonu, Atyalı - Nübar qəsəbəsi, Quşçuluq massivi ünvanda Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (Abşeron rayonu, Atyalı-Nübar qəsəbəsi, Quşçuluq massivi ünvanda yerləşən dam tikilisinin iddiaçıya məxsus neft boru xəttinin mühafizə zonası ilə üst-üstə düşən) 4 metr hissəsi sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ödənilmiş 95 manat mütəxəssis tədqiqatının 47.5 manat hissəsi Cavabdeh tutularaq iddiaçı Heydər Əliyev adına X5 ödənilsin, 47.5 manat hissəsi isə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar