Məhkəmə qərarları › İş №e-2(012)-2227/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2227/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2227/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, matras üçün 1411 manat ödənilməmiş hissə, 141 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann X Ultra markalı telefon üçün 154 manat ödənilməmiş hissə, 15 manat olmaqla ümumilikdə 1721 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,21 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, matras və Hoffmann X Ultra markalı telefon almış və nəticədə 1721 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2808 manat, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, matras üçün 1411 manat ödənilməmiş hissə, 141 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 396 manat olan Hoffmann X Ultra markalı telefon üçün 154 manat ödənilməmiş hissə, 15 manat cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1639 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00673102 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Alyans- Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, matras almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00796511 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Hoffmann X Ultra markalı telefon almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdehnun 1411 manat ödənilməmiş hissə, 141 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 154 manat ödənilməmiş hissə, 15 manat cərimə olmaqla ümumilikdə 1721 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 00673102 saylı və xx.xx.2019-cu il tarixli, 00796511 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2019-cu il tarixli, 00673102 saylı və xx.xx.2019-cu il tarixli, 00796511 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqısatqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 790.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək xx.xx.2019-cu il tarixli, 00673102 saylı müqaviləyə əsasən hesablanmış 141 manat cərimə 10 manat, xx.xx.2019-cu il tarixli, 00796511 saylı müqaviləyə əsasən hesablanmış 15 manat cərimə isə 5 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 37,21 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 00673102 saylı müqaviləyə əsasən, Alyans-Paris çarpayı, Alyans- Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, matrasu üçün 1411 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00796511 saylı müqaviləyə əsasən, Hoffmann X Ultra markalı telefon üçün 154 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, ümumilikdə 1580 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,21 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar