Məhkəmə qərarları › İş №e-2(012)-2230/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2230/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2230/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı «X1” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 150 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 50 manat peniya və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli Müqavilənin 1 saylı Əlavəsinə əsasən satılan malın cəmi dəyəri 500 manat təşkil etmişdir. Müqavilənin 1.1, 3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə satıcıya 350 manat ödəniş edilsə də, 150 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etməklərinə, danışıqlar aparılmağına baxmayaraq cavabdeh tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - «X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə 50 manat ilkin ödəniş olmaqla, ümumi dəyəri 500 manat olan Euro markalı su təmizləyici qurğunu tam qüsursuz nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Arayışdan görünür ki, cavabdehin iddiaçıya cəmi 150 manat borcu vardır. Müqavilə üzrə cəmi 350 manat ödəniş edilmişdir. - Pretenziya məktubundan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 50 manat miqdarında cərimə pulu 150 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 2 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, iddia tələbi 1000 manatdan aşağı məbləğ olduğu üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas məbləğ üçün 150 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 2 manat peniya və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq «X1” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 150 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 2 manat peniya və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq «X1” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar