Məhkəmə qərarları › İş №e-2(012)-2281/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2281/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2281/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, CT141 saylı alqı-satqı müqaviləsi üzrə 760 manat əsas borc və gecdikdirilmiş gün sayına görə 1819,5 manat cərimə borcu olmaqla, ümumilikdə 2579,5 manat pulun və ödənilmiş 46 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023cü il tarixli, CT141 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 980 manat olan “Samsung” markalı 43T5300UXCE model televizor Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı satılan malın dəyərini 90 manat olmaqla, hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndində alıcı satılan malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 5%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı MMC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 141 saylı zaminlik müqaviləsi bağlanaraq Cavabdeh2 gələcəkdə bağlanacaq xx.xx.2023-cü il tarixli, CT141 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə görə zamin kimi Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Qanunvericilikdə zaminin gələcəkdə yaranacaq öhdəliyə görə məsuliyyət daşıması və bu barədə müqavilə bağlanılması nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və alınan malın dəyərini ödəməmişdirlər. Hazırda cavabdehlərin İddiaçı MMC-yə əsas borcları 760 manat və gecdikdirilmiş gün sayına görə cərimə borcu 1819,5 manat olmaqla, ümumilikdə 2579,5 manat təşkil edir. Borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, onlar bu xəbərdarlıqlara əhəmiyyət verməmişdirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, CT141 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh1 – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 ümumi dəyəri 980 manat olan 1 ədəd “Samsung” markalı televizor satılmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə həmin mal alıcıya təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, eyni tarixli, CT141 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 İddiaçı MMC qarşısında zaminliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, CT141 saylı alqı-satqı və zaminlik müqavilələri ilə üzərinə götürdükləri öhdəlikləri pozmuş və həmin müqavilələr üzrə onların İddiaçı MMC-yə 760 manat əsas borc və gecdikdirilmiş gün sayına görə 1819,5 manat cərimə borcu olmaqla, ümumilikdə 2579,5 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Beləliklə, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, CT141 saylı alqı-satqı və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri pozmuşlar və həmin müqavilələr üzrə onların İddiaçı MMC-yə 760 manat əsas borc və gecdikdirilmiş gün sayına görə 1819,5 manat cərimə borcu olmaqla, ümumilikdə 2579,5 manat borcu vardır. Mülki Məcəllənin 567.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhməmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tətbiq edilmiş cərimənin məbləğinin yüksək olması səbəbindən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, CT141 saylı müqavilə üzrə hesablanmış 1819,5 manat cərimənin məbləği azaldılmalı və 40 manat müəyyən edilməlidir. Bu məbləğdə cərimənin tətbiq edilməsi məhkəmənin qənaətinə görə həm işin faktiki hallarına uyğundur, həm də ədalətlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, CT141 saylı alqısatqı müqaviləsi üzrə 760 manat əsas borc və 40 manat cərimə borcu olmaqla, ümumilikdə 800 manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş vəsaitin 30 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 760 manat əsas borc və 40 manat cərimə borcu olmaqla, ümumilikdə 800 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar