Məhkəmə qərarları › İş №e-2(012)-2303/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2303/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2303/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18622 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 75,16 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 19 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə olmaqla, cəmi 94,16 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18622 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 110 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 110 ABŞ dolları) «Aplle İphone 6 64GB Gray В» markalı 1 ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra, cavabdeh ilkin olaraq 01.01 2023cu il tarixdə 15,62 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 10,74 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 2,87 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 2,87 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 0,87 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 1,87 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. lakin o, ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini tam ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmişdir və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 75,16 ABŞ dolları məbləğində borcunu hissə-hissə 6 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 75,16 ABŞ dolları məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli VİP 18622 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 110 ABŞ dolları (manat məzənnəsinə uyğun) «Aplle İphone 6 64GB Gray В» markalı 1 ədəd mobil telefon almış və 6 ay ödəniş cədvəli üzrə hər ay 18 ABŞ dolları (sonuncu ay 20 ABŞ dolları) olmaqla, cəmi 110 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 75,16 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində 19 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə olmaqla, cəmi 94,16 ABŞ dolları təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli VİP 18622 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli VİP 18622 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış 19 ABŞ dolları dəbbənin (cərimənin) məbləği azaldılmalı və 2,84 ABŞ dolları müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli VİP 18622 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 75,16 ABŞ dolları əsas borc, 2,84 ABŞ dolları cərimə olmaqla, cəmi 78 ABŞ dolları pul (ödəniş gününə olan manat məzənnəsilə) tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 75,16 ABŞ dolları əsas borc, 2,84 ABŞ dolları cərimə olmaqla, cəmi 78 ABŞ dolları məbləğində (ödəniş gününə olan manat məzənnəsilə) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar