Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2322/2024 01.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 avqust 2019-cu il tarixli, Y20K5758036 saylı müqavilə üzrə 145 manat əsas borc, 43 manat dəbbə pulu və 29 dekabr 2019-cu il tarixli, Y20K5817574 saylı müqavilə üzrə 450 manat əsas, 135 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 803 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 26 avqust 2019-cu il və 29 dekabr 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında Y20K5758036 nömrəli və Y20K5817574 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5758036 nömrəli müqavilə üzrə 315 manat dəyəri olan 1 ədəd “Huawei Y6” markalı telefonu və Y20K5817574 nömrəli müqavilə üzrə 589 manat dəyəri 1 ədəd “X1 8” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı Y20K5758036 nömrəli müqavilə üzrə 15 manat ilkin ödəniş olmaqla, qalan 300 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 25 manat olmaqla, hər ayın 25-dək, Y20K5817574 nömrəli müqavilə üzrə isə 37 manat ilkin ödəniş olmaqla, qalan 552 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 46 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5758036 nömrəli müqavilə üzrə 145 manat əsas, 43 manat dəbbə pulu olmaqla, 188 manat və Y20K5817574 nömrəli müqavilə üzrə 450 manat əsas, 135 manat dəbbə pulu olmaqla, 585 manat borcu yaranmışdır. Alıcı tərəfindən 26 avqust 2019-cu il tarixli, Y20K5758036 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 manat ödəniş və 29 dekabr 2019-cu il tarixli, Y20K5817574 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 10 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 26 avqust 2019-cu il tarixli, Y20K5758036 saylı müqavilədən görünür ki, 315 manat dəyəri olan 1 ədəd “Huawei Y6” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüş, Alıcı Y20K5758036 nömrəli müqavilə üzrə 15 manat ilkin ödəniş olmaqla, qalan 300 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 25 manat olmaqla, hər ayın 25-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli, Y20K5817574 saylı müqavilədən görünür ki, 589 manat dəyəri 1 ədəd “X1 8” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüş, Alıcı 37 manat ilkin ödəniş olmaqla,qalan 552 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 46 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "Soliton" LTD-yə 26 avqust 2019-cu il tarixli, Y20K5758036 saylı müqavilə üzrə 145 manat əsas borc, 43 manat dəbbə pulu və 29 dekabr 2019-cu il tarixli, Y20K5817574 saylı müqavilə üzrə 450 manat əsas, 135 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 803 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, 26 avqust 2019-cu il tarixli, Y20K5758036 saylı müqaviləyə əsasən hesablanmış 43 manat cərimə 5 manat, 29 dekabr 2019-cu il tarixli, Y20K5817574 saylı müqaviləyə əsasən hesablanmış 135 manat cərimə isə 5 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 avqust 2019-cu il tarixli, Y20K5758036 saylı müqavilə üzrə 145 manat əsas borc, 5 manat dəbbə pulu və 29 dekabr 2019-cu il tarixli, Y20K5817574 saylı müqavilə üzrə 450 manat əsas, 5 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 635 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2322/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2322/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver