Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2352/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı aldığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin 24 saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini cavabdeh vaxtında təhvil vermədiyi və həmin sahəni başqasına satdığı üçün 07 oktyabr 2020-ci il tarixli Q-0004 nömrəli qaraj sahəsinin alqısatqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə iddiaçının "xxxx" MMC-yə ödədiyi 900000 manat pul vəsaitinin, 1198 manat ödənilmiş dövlət rüsumunun və 320 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən 07 oktyabr 2020-ci il tarixli Q\-0004 nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinə əsasən cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivinin 24 saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı,mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini almışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən qaraj sahəsinin qiyməti 900 000 (doqquz yüz min) manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli Q\-00xx-xx-2020 saylı maliyyə arayışına əsasən 900 000 manat pulu cavabdehə tam ödəmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh 6390 kv.m ibarət qaraj sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı da razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsində də göstərilmişdir ki, müqavilə qiyməti 900 000 manat tam ödənilmişdir. Müqavilənin 5.2-ci maddəsinə əsasən tikinti işləri başa şatdıqdan sonra cavabdeh qeyri-yaşayış sahəsini alıcıya təhvil verəcəkdir. Müqavilənin 5.3-cü maddəsinə əsasən yaşayış sahəsi qanunvericilik tələblərinə əsasən istismara qəbuldan sonra, qeyri-yaşayış sahəsi olan qaraj sahəsi üzrə alıcının-yəni iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin verilməsi cavabdeh-satıcı tərəfindən təmin olunacaqdır. Müqavilənin 5.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsi aktla alıcıya təhvil veriləcəkdir. Müqavilənin 10.2-ci maddəsinə əsasən müqavilə ləğv edildiyi halda, cavabdeh ödənilmiş pul vəsaitini 7 iş günü ərzində alıcıya-iddiaçıya qaytarmaq öhdəliyi götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuş, alqı-satqının predmeti olan qaraj sahəsi və müvafiq hüquqi sənədlər bu günə kimi iddiaçıya təhvil verilməmiş, nəticədə 2024-cü ilin yayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona satdığı qaraj sahəsini 2023-cü ildə başqasına satmış, onu aldadaraq 900 000 manat pul vəsaitindən istifadə etməklə əsassız varlanmış və iddiaçıya xüsusilə külli miqdarda zərər vurmuşdur. İddiaçı artıq aldadıldığını bilib cavabdehdən pulunu tələb etmək istədikdə cavabdeh ölkədə olmadığından bu məsələni danışıqlar yolu ilə həll edə bilmədiyindən məhkəməyə müraciət etmək, cavabdehlə bağladığı müqavilənin ləğv edilməsi və ödədiyi pul vəsaitini geri tələb etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh "xxxx" MMC iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbində göstərilən məlumatlar təhrif edilmişdir. Belə ki, iddiaçı cavabdehə 900 000 manat pul ödəməklə qaraj sahəsi əldə etməmişdir. Faktiki olaraq həmin Qaraj sahəsi elə 2020-ci ildə də üçüncü şəxs X3 verilmişdir. Bunun səbəbi isə cavabdeh "xxxx" MMC ilə üçüncü şəxs X5 arasında uzun illər işgüzar münasibətlərin mövcud olması olmuşdur. Belə ki, R.Məmmədov tərəfindən cavabdehin təsisçisinə uzun illər boyunca pullar verilmiş, bunun əvəzində isə tikintisi həyata keçirilmiş mənzil və qeyri-yaşayış sahələrindən Raid Məmmədova əmlaklar verilmişdir. Həmin əmlaklar Raid Məmmədovun istəyinə əsasən, onun özünün və ya yaxın qohumlarının adına rəsmiləşdirilmişdir. Bu əmlaklardan biri də hazırda mübahisə predmetini təşkil edən Qaraj sahəsidir. Həmin Qaraj sahəsinə dair Raid Məmmədovun xahişinə əsasən onunla yeznə-qayın qohumluq əlaqəsində olan hazırki iş üzrə İddiaçı adına 07 oktyabr 2020-ci il tarixli Q-0004 nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən rəsmi maliyyə arayışı verilsə də, faktiki olaraq heç bir pul vəsaiti ödənilməmişdir. Bunu üçüncü şəxsin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatdan da görmək mümkündür. Üçüncü şəxs öz izahatında birbaşa göstərmişdir ki, həmin qeyri-yaşayış sahəsini 2020-ci ildə almışdır. Əmlak müqavilə əsasında Raidə verildikdən sonra icarəçi dəyişmədi və həmin şəxs 2023-cü ilə kimi həmin qeyri-yaşayış sahəsindən icarə əsasında istifadə etmişdir. Məhz izahatdan göründüyü kimi, üçüncü şəxs qeyri-yaşayış sahəsinin 2020-ci ildən müqavilə əsasında onun mülkiyyətində olduğunu göstərir (yəni 2020-ci il tarixli müqavilə faktiki olaraq onun qohumu İddiaçı adında olsa da, bunun formal xarakter daşıdığını, əmlakın ona məxsus olduğunu etiraf edir). Göstərilən daşınmaz əmlak Bakı şəhəri 27 saylı notariat ofisində "formal əsaslarla bağlanmış xx.xx.2022-ci il tarixli, AN №1060919 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsin tələbinə əsasən elə onun öz adına rəsmiləşdirilmiş və üçüncü şəxs Raid Məmmədovun adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alınmışdır. Beləliklə, göründüyü kimi, 2020-ci il tarixli qaraj sahəsinin alqı-satqı müqaviləsi üçüncü şəxs Raid Məmmədovun istəyinə əsasən İddiaçıla bağlanmış, yenə üçüncü şəxsin istəyinə əsasən 2022-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinə dair notarial alqı-satqı müqaviləsi bu dəfə üçüncü şəxsin öz adına bağlanmışdır. Faktiki olaraq isə qaraj sahəsi 2020-ci il tarixdən Raid Məmmədova təhvil verilmişdir. Göstərilən halları təsdiq edən DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarı və bütün materiallar, izahatlar da sübut kimi məhkəməyə təqdim edilir. İddiaçı həqiqətən də öz iddiasında səmimidirsə, o zaman haqlı olaraq sual meydana çıxır ki, necə olur ki, qaraj sahəsi üçün 2020-ci il tarixdə 900 000 manat məbləğində pul ödəsin, sonra isə həmin obyektə dair öz mülkiyyət hüquqlarını həyata keçirməsin, obyektin vəziyyəti ilə maraqlanmasın?. Əlavə təzad da ondan ibarətdir ki, iddia tələbində iddiaçı göstərir ki, cavabdeh qaraj sahəsini 2023-cü ildə başqasına satmış, iddiaçının isə bundan 2024-cü ildə, yəni 1 il sonra məlumatı olmuşdur. 1 il ərzində iddiaçı ona məxsus obyektin başqası tərəfindən istifadə olunduğunu və gəlir əldə edildiyini necə bilə bilməzdi?. Təbii ki elə bu hal özü də onu sübut edir ki, obyekt əvvəldən üçüncü şəxsin sahibliyində olmuşdur, iddiaçı onun yeznəsidir və müqavilə formal olaraq onun adına bağlanmışdır. İddiaçı ümumiyyətlə obyektin harada yerləşdiyini, nə fəaliyyət göstərdiyini, kimlərə icarəyə verildiyini, icarə haqqı məbləğini belə bilmir. İddiaçı onun adına formal qaydada bağlanmış başqa bir qeyri-yaşayış sahəsi ilə bağlı da analoji iddia ilə Abşeron rayon Məhkəməsində iddia qaldırmış və Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-848/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Göstərilən qətnamə ilə İddiaçı razılaşmış və apellyasiya şikayəti verilməmişdir. Məlumat üçün həmin qətnamə də etiraz ərizəsinə əlavə olunur. İddia tələbinin əsasını təşkil edən daşınmaz əmlaka dair müqavilə notarial qaydada deyil, tərəflər arasında bağlanıb ki, bu da müqavilənin mötəbərliyini şübhə altına alır. Qanuna görə, əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac yoxdur. Qanunvericiliyin imperativ tələblərinə zidd olan və etibarsız hesab edilməsi üçün əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmayaraq bağlandığı andan öz-özlüyündə etibarsızdır, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyil. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktı ilə bağlı mübahisə yaranarsa, əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmənin qərarı əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisəni aradan qaldırmaq məqsədi daşıyır. İddiaçı ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında "AAAF-PARK" yaşayış massivinin 24 saylı küçəsində inşa edilən 6390 kv.metrdən ibarət qaraj sahəsinin alqı-satqısı haqqında müqavilə bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarlı müqavilə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Həbibov X7 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin 24 saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini 900000 manata "xxxx" MMC-dən almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC tərəfindən alqı-satqısı haqqında müqaviləsinə əsasən Həbibov X7 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin 24 saylı küçəsində inşa edilən ümumi sahəsi 6390 kv.metrdən ibarət qaraj sahəsinə görə Cəmiyyətə ümumilikdə 900000 manat ödəniş edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 199 saylı, ümumi sahəsi 3687,4 kv.m olan qeyri-yaşayış obyektini 490000 manata X1. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən, ümumi sahəsi 3687,40 kv.m olan 24 saylı qeyri-yaşayış sahəsi dövlət reyestrində xx.xx.2022-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)- 848/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT) qarşı müqavilənin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə 13 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə X6 barəsində ittiham elan olunması üçün şübhəli şəxsin axtarışı elan edilmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 may 2025ci il tarixli qərardan görünür ki, əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.4-cü maddəsinə tövsif edilmişdir. Həmin qərarlardan daha sonra görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, X4 tanışı X3 Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksinin daxilində yerləşən 0,3 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 2326 kv.metrdən ibarət qeyri-yaşayış binasını 1.250.000 manata satacağına dair yalan vəd verib aldadaraq, həmin tarixdə "xxxx" MMC qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 10585 nömrəli müqavilə tərtib edilmiş, bundan sonra qeyd olunan qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla "xxxx" STK Xaçmaz filialının adına keçirirək 1.250.000 manat pulu ələ keçirib Raid Məmmədova həmin məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı və həmin faktla bağlı toplanmış ilkin araşdırma materialı olmuşdur. İş materiallarında olan X2 DİN Baş İstintaq və təhqiqat İdarəsində vermiş olduğu izahatdan görünür ki, təxminən 2006-2007-ci illərdə Xırdalan şəhərində fərdi yaşayış evlərinin inşası ilə məşğul olan Tofiq Heydərovla tanış olmuş, Tofiq onun həmyerlisi olduğundan dostluq münasibətləri yaranmışdır. Tofiq Heydərov ilk dəfə yaşayış evlərini inşa edərkən o, Tofiq Heydərova torpaq sahəsi vermişdir ki, həmin sahənin üzərində yaşayış evləri inşa etsin. Tofiq həmin torpaq sahəsinin pulunu sonradan ona pul və əmlak formasında inşa etdiyi binalardan ödəmişdir. Bundan sonra Tofiq Xırdalan şəhərində AAAF Park yaşayış kompleksini inşa etməyə başlamışdır. Kompleksdə bir çox yaşayış binaları inşa edilirdi. O, əvvəlcə həmin şirkətdə qeyri-rəsmi fəaliyyət göstərmişdir. Belə ki, o, Tofiq Heydərova AAAF Park yaşayış kompleksində satışa çıxarılmış mənzilləri satmağa köməklik etmişdir. Bundan başqa isə bəzi vaxtlarda Tofiqə kompleksdə tikinti işləri üçün pul tapıb vermişdir. Tofiq isə həmin pul ilə bina inşa etmiş və pulun əvəzində ona ümumi satdığı qiymətdən ucuz qiymətə mənzil və ya qeyri-yaşayış sahələri vermişdir. Yəni o, həmin tikintiyə pul yatırtmaqla gəlir əldə etmiş, bu həm Tofiq Heydərova, həm də ona sərf etmişdir. Beləliklə, o, Tofiq Heydərovun inşa etdiyi AAAF Park yaşayış kompleksinin inşasında bu formada iştirak edib bir çox mənzil və qeyri-yaşayış sahələri almışdır. Həmin mənzillər onda toplanıb qalmışdır. 2016-cı ildə Tofiq ona toplanmış 72 ədəd mənzili yenidən şirkətə qaytarmasını, şirkət həmin mənzilləri sataraq onun pulunu hissə-hissə 3 il ərzində ödəməyi təklif etmişdir. Tofiq həmin mənzillərin pulunu yeni layihələrə sərf edib gəlir əldə etməli idi. Bundan sonra isə onun pulunu ödəməli idi. O, Tofiqlə razılaşmışdır. Bundan sonra Tofiqlə həmin 72 ədəd mənzili qaytarması barədə müqavilə bağlamışlar. Tofiq isə 72 ədəd mənzilin pulunu hissə-hissə 3 il ərzində ona ödəməli idi. Müqavilədən sonra o, mənzilləri şirkətə qaytarmış və mənzillər şirkət tərəfindən satışa çıxarılmışdır. Lakin onun pulu ödənilməmişdir. Buna baxmayaraq Tofiqlə münasibətləri yaxşı idi və Tofiqlə iş birliyi davam etmişdir. Buna görə də 14 sentyabr 2018-ci ildən 30 dekabr 2019cu ilə kimi AAAF park şirkətinə satış təmsilçisi vəzifəsində, 08 yanvar 2020-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək isə satış rəhbəri vəzifəsində çalışmışdır. Tofiq Heydərov 72 ədəd mənzilin pulunu ona ödəmədiyindən o da həmin mənzillərin müqavilələrini özündə saxlayıb şirkətə təhvil verməmişdir. 2016-cı ildən sonra həmin 72 ədəd mənzil şirkət tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır. Hazırda da həmin mənzillər ayrı-ayrı şəxslərə məxsusdur, Tofiq isə onun pulunu qaytarmamışdır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin 24 saylı küçəsində inşa edilən ümumi sahəsi 6390 kv.metrdən ibarət qaraj sahəsinin alınması ilə bağlı "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqavilə bağlamışdır. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı aldığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında “AAAF-PARK” yaşayış massivinin 24 saylı küçəsində inşa edilən ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın sol hissəsindən hesablanmaqla) 6390 kv.metrdən ibarət qaraj sahəsini cavabdeh vaxtında təhvil vermədiyi və həmin sahəni başqasına satdığı üçün 07 oktyabr 2020-ci il tarixli Q-0004 nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə iddiaçının "xxxx" MMC-yə ödədiyi 900000 manat pul vəsaitinin, 1198 manat ödənilmiş dövlət rüsumunun və 320 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli obyekt faktiki olaraq 2020-ci ildə də üçüncü şəxs X3 verilmişdir. R.Məmmədov tərəfindən cavabdehin təsisçisinə uzun illər boyunca pullar verilmiş, bunun əvəzində isə tikintisi həyata keçirilmiş mənzil və qeyri-yaşayış sahələrindən Raid Məmmədova əmlaklar verilmişdir. Həmin əmlaklar Raid Məmmədovun istəyinə əsasən, onun özünün və ya yaxın qohumlarının adına rəsmiləşdirilmişdir. Mübahisəli qaraj sahəsinə dair Raid Məmmədovun xahişinə əsasən onunla yeznə-qayın qohumluq əlaqəsində olan hazırki iş üzrə İddiaçı adına 07 oktyabr 2020-ci il tarixli Q-0004 nömrəli qaraj sahəsinin alqı-satqı müqaviləsi tərtib edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən maliyyə arayışı verilsə də, faktiki olaraq heç bir pul vəsaiti ödənilməmişdir. Bu fakt hazırki iş üzrə üçüncü şəxs X10 İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatı ilə təsdiq edilmişdir. Belə ki, üçüncü şəxs qeyri-yaşayış sahəsinin 2020-ci ildən müqavilə əsasında onun mülkiyyətində olduğunu göstərmiş, yəni 2020-ci il tarixli müqavilə faktiki olaraq onun qohumu, hazırki iş üzrə İddiaçı adında olsa da, bunun formal xarakter daşıdığını, əmlakın ona məxsus olduğunu etiraf etmişdir. Göstərilən daşınmaz əmlak xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Raid Məmmədovun adına qeydiyyatda olmaqla, 2020ci il tarixdən elə Raid Məmmədova təhvil verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi əvvəldən üçüncü şəxs Raid Məmmədovun sahibliyində olmuşdur, iddiaçı ilə Raid Məmmədov yeznə-qayın olmaqla qohumdurlar və müqavilə iddiaçının adına formal olaraq tərtib edilmişdir. Bundan əlavə, İddiaçı onun adına formal qaydada bağlanmış başqa bir qeyri-yaşayış sahəsi ilə bağlı iddia ilə Abşeron Məhkəməsində iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-848/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, iddia tələbinin əsasını təşkil edən daşınmaz əmlaka dair müqavilə notarial qaydada deyil, tərəflər arasında formal olaraq bağlanmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında "AAAF- PARK" yaşayış massivinin 24 saylı küçəsində inşa edilən 6390 kv.metrdən ibarət qaraj sahəsinin alqı-satqısı haqqında müqavilə formal olaraq bağlandığından, həmin müqavilə bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarlı müqavilə kimi qiymətləndirilə bilməz. Belə ki, həmin müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır və bu müqavilə üzrə hər hansı məbləğ ödənilmədiyindən bu müqavilənin ləğv edilməsindən və bu müqavilə üzrə hər hansı məbləğin iddiaçıya qaytarılmasından söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun qaytarılması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2352/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2352/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver