Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2405/2024 15.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 259.64 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 65 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 324.64 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 289 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 289 ABŞ dolları) “Samsung A047 3-32gb” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cu il tarixdə 29.36 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı MMC məhkəmə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı MMC bağladığı müqavilə ilə mobil telefon almışdır. İlkin ödəniş etmədən almış, 1 ay ödəniş etmiş, sonradan ödəniş etmək istəyəndə 1% də cərimə ödəməli olduğu ona bildirilmişdir. Cəmi 50 manat ödəniş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malı satır, alıcı isə həmin malı qəbul edib bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, satıcı İddiaçı MMC alıcıya malı təhvil vermişdir. -xx.xx.2023-cü il tarixli, HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsinə dair məlumatdan görünür ki, 289 ABŞ dolları olan əşyanı ilk 11 ay 24 ABŞ dolları, sonuncu ay isə 25 ABŞ dolları ödəniş etmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 259.64 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%(bir)-i həcmində 65 ABŞ dolları cərimə, cəmi 324.64 ABŞ dolları borcu vardır. -İş materiallarında olan son xəbərdarlıq və reyestrdən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qanuni təmsilçi Nümayəndə olmasına dair xx.xx.2018-ci il tarixli, **********893000 nömrə ilə çıxarış verilmiş və dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, RPİ 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə mobil telefon almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2023-cü il tarixli, HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 259.64 ABŞ dolları əsas borc üzrə hesablanmış 65 ABŞ dolları cərimənin azaldılaraq 5 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi nəticəsində İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 259.64 ABŞ dolları əsas, 5 ABŞ dolları cərimə olmaqla, cəmi 264.64 ABŞ dolları borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda, cavabdehdən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında satıcı-aıcı hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə və Mülki Prosessual 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, HHA 18814 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 259.64 (iki yüz əlli doqquz USD altmış dörd sent) ABŞ dolları əsas, 5 (beş dollar) ABŞ dolları cərimə olmaqla, cəmi 264.64 (iki yüz altmış dörd dollar altmış dörd sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov