Məhkəmə qərarları › İş №e-2(012)-2414/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2414/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2414/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 267 saylı və xx.xx.2021-ci il tarixli, 270 saylı alqı-satqı müqavilələri üzrə ödənilməmiş 3792 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 356,22 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,49 manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 267 saylı alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixdə 270 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 267 saylı alqı-satqı müqaviləsinə uyğun olaraq, eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 5000 manat ilkin ödəniş, 6 ay müddətinə isə hər ay 500 manat olmaqla, ümumilikdə 8000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 6209 manat ödənilmiş, cavabdehin iddiaçıya 1791 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, o, öhdəliyinin icrasından yayınmış, satın aldığımalların əvəzini ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 arasında 20 avqust 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin müqavilə üzrə son ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir təqvim ilinə yaxın müddət keçmiş, öhdəliyin icrası həmin müddətə gecikdirilmişdir. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 1791 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2022-xx.xx.2023-ci (418 gün) hər gecikdirilmiş gün üçün 0,02% olmaqla, 149,72 manat (1791x0.02%x418) cərimə borcu, ümumilikdə 1940,72 manat məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixli 270 saylı alqı-satqı müqaviləsinə uyğun olaraq, eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 5000 manat ilkin ödəniş, 6 ay müddətinə isə hər ay 500 manat olmaqla, ümumilikdə 8000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 5999 manat ödənilmiş, cavabdehin iddiaçıya 2001 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, o, öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 arasında 26 avqust 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə digər cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən onun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir təqvim ilindən artıq müddət keçmiş, öhdəliyin icrası həmin müddətə gecikdirilmişdir. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 2001 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2021-xx.xx.2023-cü il (516 gün) hər gecikdirilmiş gün üçün 0,02% olmaqla, 206,50 manat (2001x0.02%x516) cərimə borcu, ümumilikdə 2207,50 manat məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlardan aydın olur ki, hər iki cavabdeh iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş, satın alınmış malların dəyərini tam olaraq iddiaçıya ödəməmiş, nəticədə iddiaçı qarşısında cəmi 3792 manat məbləğində borcları yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə hər iki cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 267 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə Cavabdeh1 satmağı, Cavabdeh1 isə malı qəbul edib qaiməfakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aldığı mala görə 5000 manat ilkin ödəniş, 6 ay müddətinə hər ay 500 manat olmaqla, ümumilikdə 8000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 267 saylı alqı-satqı müqaviləsindən yaranan öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə nəzərdə tutulmuş malı İddiaçı MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 270 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə Cavabdeh1 satmağı, Cavabdeh1 isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aldığı mala görə 5000 manat ilkin ödəniş, 6 ay müddətinə hər ay 500 manat olmaqla, ümumilikdə 8000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 270 saylı alqı-satqı müqaviləsindən yaranan öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə nəzərdə tutulmuş malı İddiaçı MMC-dən təhvil almışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 267 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MMC-yə ödənilməmiş 1791 manat məbləğində borcu, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 149,72 manat məbləğində dəbbə pulu borcu vardır. Müqavilə üzrə cəmi 6209 manat borc ödənilmişdir. xx.xx.2021-ci il tarixli, 270 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MMC-yə ödənilməmiş 2001 manat məbləğində borcu, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 206,50 manat məbləğində dəbbə pulu borcu vardır. Müqavilə üzrə cəmi 5999 manat borc ödənilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 2021-ci ilin 20 və 26 avqust tarixində iki alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan cəmi 16000 manatlıq texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaiməfakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktlarına əsasən, Cavabdeh1 müqavilələr üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixlərdə müqavilələrə əlavə olaraq imzalanmış ödəniş cədvəllərinə əsasən, Cavabdeh1 cəmi 10000 manat ilkin ödəniş, 6 ay müddətinə hər ay cəmi 1000 manat olmaqla, ümumilikdə 16000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilələr üzrə ödənilməli məbləğdən yalnız cəmi 12208 (6209+5999) manat ödənilmiş, 3792 (1791+2001) manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq, o, öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, ona tətbiq edilən cəmi 356,22 (149,72+206,50) manat cərimənin məbləği tənasübsüz dərəcədə yüksəkdir və buna görə də həmin məbləğ 38 manatadək endirilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdə olan xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli iki alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 iddiaçı tərəfindən yuxarıda qeyd edilən mallar verilmiş, o, ilkin olaraq 10000 manat pul ödəmiş, qalan öhdəliyi isə hissə-hissə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixədək yerinə yetirməyi öhdəsinə götürmüşdür. Digər cavabdehlə iddiaçı arasında həmin tarixli zaminlik müqavilələri bağlanmışdır. Göründüyü kimi xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, əsas öhdəliklərin müddəti xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixi göstərilmişdir. İddiaçı Cəmiyyət isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, müəyyən edilir ki, alqısatqı müqavilələrindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2023-cü il (İ müqavilə üzrə) və xx.xx.2023-cü il (İİ müqavilə üzrə) tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi zamin kimi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə əsas borc üzrə 3792 manat və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 38 manat məbləğində dəbbə pulu borcu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 61,49 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli alqısatqı müqavilələri üzrə 3792 manat məbləğində əsas, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 38 manat məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 3830 manat pul və 61,49 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar