Məhkəmə qərarları › İş №e-2(012)-2447/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2447/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2447/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə 26 sentyabr 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərmaş” MMC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 11 oktyabr 2021-ci il tarixli MAS-4513 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 11 oktyabr 2021-ci il tarixli MAS-4513 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 dekabr 2022-ci il tarixə 436.41 manat gecikdirilmiş əsas, 456.29 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 324.68 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1080.44 manat, ümumilikdə 2297.82 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış11 oktyabr 2021-ci il tarixli MAS-4513saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən şirkətə “Daxili lizinq” müqaviləsi üzrə sonuncu ödəniş 07 noyabr 2022-ci il tarixdə 464 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 dekabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 1080.44 manat təşkil edir. Eyni zamanda Cavabdeh 11 oktyabr 2021-ci il tarixli MAS-4513 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 dekabr 2022-ci il tarixə ümumilikdə 1217.38 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC elektron məhkəmə sisteminə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq müqaviləsi”ndən müəyyən edilir ki, müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı, yəni lizinq obyektini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 17000 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 24.5 % həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq müqaviləsi”nə 1 saylı Əlavədən müəyyən edilir ki, “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə əldə olunan əmlak - “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME324296 ban, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq müqaviləsi”nə 2 saylı Əlavədən, yəni alıcı “Azərmaş" MMC, satıcı "xxxx" MMC və lizinq alan Cavabdeh tərəfindən tərtib edilmiş təhvil-təslim aktından müəyyən edilir ki, Cavabdeh “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME324296 ban, ağ rəngli avtomobili tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq müqaviləsi”nə 3 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay 447.16 manat, ümumilikdə isə 17000 manat məbləğində pulu “Azərmaş" MMC -nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Son ödəmə tarixi xx.xx.2025-ci ildir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Aktdan müəyyən edilir ki, “Azərmaş" MMC-yə məxsus “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kredit borcu ödənilmədiyi üçün təhvil təslim aparılmışdır. Nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. Mülki işin materiallarından olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildən İddiaçı MMC-nin mülkiyyətindədir. Mülki işin materiallarından olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından müəyyən edilir ki, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün yekun ödəniləcək məbləğ 1080.44 manat təşkil edir. Mülki işin materiallarından olan Cavabdeh göndərilmiş gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, 391 saylı xəbərdarlıqdan müəyyən edilir ki, ondan borcun və dəymiş zərərin 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə daxili lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb olunacağı tələb olunmuşdur. Mülki işin materiallarından olan “Azari” Express poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-dən qəbul edilmiş zərf qaimə (604521), Cavabdeh olan məktub qeyd olunan ünvanın natamam olması səbəbindən çatdırılmamışdır. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişləri özündə əks etdirən hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 464 manat məbləğində olmuşdur. Mülki işin materiallarından olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 705 saylı arayışından müəyyən edilir ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq” müqaviləsi üzrə 15 dekabr 2022-ci il tarixə gecikdirilmiş 436,41 manat əsas borc, gecikdirilmiş 456,29 manat mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 324,68 manat cərimə borcu, ümumilikdə 1217,38 manat borcu vardır. Beləliklə, təsvir olunanlara əsasən müəyyən olunur ki, lizinq obyekti olan İddiaçı MMC-nin mülkiyyətində olmaqla, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli MAS-4813 №-li Daxili Lizinq müqaviləsinə əsasən lizinq alan Cavabdeh lizinqə verilmişdir. Lakin, lizinq alan Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4813 №-li Daxili Lizinq müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı MMC-yə ödənilməli olan lizinq ödənişlərini həmin Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmiş, habelə avtomobilə maddi ziyan vurmuşdur. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 9/4625 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC-nin tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 953,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın Cavabdeh İddiaçı MMC-nin xeyrinə 324.68 manat məbləğində cərimənin tutulması hissədə iddia tələbi qismən əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, cərimə tərəflər arasında bağlanmış müqavilənin lazımınca icra edilməmiş öhdəliyinə görə yaranmış olsa da, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və bununla da cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə cərimə borcunu 32 manata qədər azaldılmalıdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq obyekti cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı cavabdehin lizinq obyektini yararsız vəziyyətdə şirkətə təqdim etdiyini iddia etmişdir. Ekspert rəyi ilə sözügedən avtomobilin zədələndiyi və dəymiş ziyanın 953,00 manat olduğu müəyyən edilmişdir. İddia tələbindən görünür ki, İddiaçı MMC, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə müddəti bitməmişdir, lakin avtomobil faktiki olaraq xx.xx.2022-ci ildə iddiaçıya qaytarılmışdır, iddiaçı vaxtından əvvəl müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi tərəflər müqavilə münasibətlərini davam etdirmək fikrində deyillər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. MM-nin 421.3 maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarına və maddi hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı «Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli MAS-4513 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 436,41 manat gecikdirilmiş əsas, 456,29 manat gecikdirilmiş mükafat, hesablanmış 32 manat cərimə pulu, lizinq obyekti olan «Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün 953 manat, ümumilikdə 1877,7 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 100 manat və ekspertiza xərci üçün 50 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 100 manat pul vəsaitinin 80 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı «Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli MAS-4513 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. xx.xx.2021-ci il tarixli MAS-4813 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 436,41 manat gecikdirilmiş əsas, 456,29 manat gecikdirilmiş mükafat, hesablanmış 32 manat cərimə pulu, lizinq obyekti olan «Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 953 manat, ümumilikdə 1877,7 manat borc və ödənilmiş dövlət rüsumu üçün 80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apel lyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar