Məhkəmə qərarları › İş №e-2(012)-2451/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2451/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2451/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Y20K542296 saylı müqaviləyə əsasən Cavabdeh onun xeyrinə 3250 manat əsas borc, 975 manat faiz borcu və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2018-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 01 sentyabr 2018-ci il tarixli Y20K542296 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3900 manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 300 manat ödəniş etmiş, nəticədə 3600 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 01 sentyabr 2018-ci il tarixli Y20K542296 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 50 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 3900 manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 3250 manat ödənilməmiş hissə, 975 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi alıcı tərəfindən və ya alıcının müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Y20K542296 saylı müqaviləyə əsasən Cavabdeh onun xeyrinə 3250 manat əsas borc, 975 manat dəbbə pulu borcu və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2018-ci il tarixli Y20K542296 saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 3900 manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizor satılmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, “alıcı” ümumi dəyərin 300 manat hissəsini dərhal “satıcıya” ödəyir, qalan 3600 manat pulu isə 24 ay müddətinə aylıq 150 manat olaraq ödəmələrlə həyata keçirir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 sentyabr 2018-ci il tarixli Y20K542296 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin şərtlərinə görə İddiaçı 3250 manat əsas borcu və 975 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Beləliklə, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh 01 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mülki Məcəllənin 567.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhməmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 975 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3250 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 3260 manat pul və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3250 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 3260 manat pul və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar