Məhkəmə qərarları › İş №e-2(012)-2486/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2486/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2486/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 200 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 230 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, 200 manat borcun hesablanmasına əsas olan sənədlər iş materiallarına əlavə edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında isə xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borcun məbləği haqqında məlumat vardır. Belə olan halda isə ərizənin qəbul olunmasından imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bundan başqa, işdən görünür ki, İddiaçı MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilməli, habelə iş üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 284-1-284-4-cü maddələrini rəhbər tutub, QƏRARAALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC-nin hazırki mülki iş (e-2(012)-2486/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə (VÖEN **********) qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar