Məhkəmə qərarları › İş №e-2(012)-2497/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2497/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2497/2022 03.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led markalı televizor üçün 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Zeta-Yumşaq-Künc-Sağ Chento-Qonaq- Komod Chento-Qonaq-Komod markalı mebel əşyaları üçün 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat olmaqla, ümumilikdə 1876 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,76 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led markalı televizor və Zeta-Yumşaq-Künc-Sağ Chento-Qonaq-Komod Chento-Qonaq-Komod markalı mebel əşyaları almış və nəticədə 1876 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1199 manat, Samsung Led markalı televizor üçün 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2472 manat olan Zeta- Yumşaq-Künc-Sağ Chento-Qonaq-Komod Chento-Qonaq-Komod markalı mebel əşyaları üçün 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat cərimə borc yaranmışdır. X5 markalı televizor cavabdeh tərəfindən istifadə edilmiş, lakin cavabdeh televizora görə ödəniş etmədiyindən, onlar televizoru cavabdehdən təhvil almışlar. Müştəriyə qiymətləndirmə barədə məlumat verilmişdir. Sonra isə televizor outlet şöbəsində istifadə olunmuş məhsul kimi 568 manata satılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 341 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 580 manat, ümumilikdə 921 manat təşkil edir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 1043,60 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, mebellərin pulunu vaxtı-vaxtında ödəmişdir. Samsung Led markalı televizorun pulunu isə ödəyə bilmədiyinə görə iddiaçı şirkətin əməkdaşları televizoru aparmışlar. Ona təhvil-təslim aktı da verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Samsung Led markalı televizor almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Zeta- Yumşaq-Künc-Sağ Chento-Qonaq-Komod Chento-Qonaq-Komod markalı mebel əşyaları almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdehnun 278 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1428,40 manat ödənilməmiş hissə, 142,60 manat cərimə olmaqla, ümumilikdə 1876 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 790.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqaviləyə əsasən hesablanmış 142,60 manat cərimə 10 manat məbləğində olmalıdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqavilə üzrə Samsung Led markalı televizor tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh tərəfindən 36 gündən sonra "xxxx" MMC-yə qaytarılmış, televizor qaytarılan zaman tərəflər arasında televizor dəyəri ilə bağlı mübahisənin olması barədə məhkəmədə sübut müəyyən edilməmişdir. İddiaçı təşkilat məhkəməyə təqdim etdiyi 28 sentyabr 2022-ci il tarixli qiymətləndirmə aktına istinad edərək Samsung Led markalı televizora görə 278 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu cavabdehdən tələb etmiş,lakin həmin aktın mötəbərliyi kifayət qədər şübhələr yaratmış və həmin şübhələri aradan qaldıran digər sübutlar məhkəmədə müəyyən edilməmişdir.Belə ki,sözügedən aktdan Samsung Led markalı televizorun kim tərfindən,hansı əsaslarla qiymətləndirilməsini və belə qiymətləndirilmənin aparılmasına səlahiyyətlərin olmasını müəyyən etmək mümkün deyildir.Ona görə də yuxarıda qeyd olunan şübhə və anlaşılmazlıqıların aradan qaldırılması ilə bağlı "xxxx" MMC tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə iddianın bu hissədə rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 29,50 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 20044738 saylı müqaviləyə əsasən, Zeta-Yumşaq-Künc-Sağ Chento- Qonaq-Komod Chento-Qonaq-Komod markalı mebel əşyaları üçün 1428,40 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 1438,40 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29,50 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi xx.xx.2019-cu il tarixli, 01129536 saylı müqaviləyə əsasən, Samsung Led markalı televizor üçün tələb olunan 278 manat ödənilməmiş hissə, 27 manat cərimə hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar