Məhkəmə qərarları › İş №e-2(012)-2567/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2567/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2567/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 dekabr 2024-cü il tarixə 196,67 manat gecikdirilmiş əsas, 262,97 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 326,49 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 2427,40 manat olmaqla, ümumilikdə 3213,53 manat borc və ödənilmiş 52,14 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Guseinov Gasan məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. 09 aprel 2024-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında AZL-838 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 dekabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2427,40 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-838 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 dekabr 2024-cü il tarixə ümumilikdə 786,13 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Əlavə olaraq bildirir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin müddəti bitməmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, X2 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 25850 manat təşkil etmişdir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli, AZL-838 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, X2 (öhdəlikləri ötürən), Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə X2 (öhdəlikləri ötürən) ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq” müqaviləsi üzrə X2 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, X2 və Cavabdeh, X1 istifadəsinə verilmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışdırlar. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli, 722 nömrəli arayışdan görünür ki, 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh 07 dekabr 2024-cü il tarixə 196,67 manat gecikdirilmiş əsas, 262,97 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 326,49 manat dəbbə pulu olmaqla, cəmi 786,13 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Chevrolet Cobalt" minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2427,40 manat zərər dəymişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 747.1-ci, 748-1.8-ci və 748-1.12-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 aprel 2024-cü il tarixli, AZL-838 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 09 aprel 2024-cü il tarixli, AZL- 838 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən göründüyü kimi X2 (öhdəlikləri ötürən), Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə X2 (öhdəlikləri ötürən) ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq” müqaviləsi üzrə X2 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, X2 və Cavabdeh, X1 istifadəsinə verilmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışdırlar. Həmçinin iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından göründüyü kimi “Chevrolet Cobalt" minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2427,40 manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə dəbbə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, dəbbə pulunun azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsinə əsasən hesablanmış 326,49 manat cərimə 20 manat məbləğində olmalıdır. Bundan əlavə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə məhkəməyə iddia tələbinə dair mülahizə və etirazını göndərməmiş, hər hansı bir məbləği mübahisələndirməmişdir. Həmçinin məhkəmədə lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2427,40 manat ilə bağlı iddiaçı şirkətin nümayəndəsinin izahatını təkzib edəcək sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən avtomobilin təmir-bərpası üçün tələb edilən 2427,40 manat pul vəsaitinin tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 52,14 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 27 oktyabr 2023-cü il tarixli, AZL-838 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 dekabr 2024-cü il tarixə 196,67 manat gecikdirilmiş əsas, 262,97 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 20 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2427,40 manat olmaqla, cəmi 2907,04 manat borc və ödənilmiş 52,14 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar