Məhkəmə qərarları › İş №e-2(012)-2666/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2666/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2666/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı “X2”ın Bakı filialının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı “X2”ın Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2”ın Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 221 saylı kredit müqaviləsi üzrə 4735.69 manat əsas, 153.53 manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 4889.22 manat borcun və ödənilmiş 68.89 manat dövlət rüsumunun “X2”ın Bakı filialının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2”ın Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 221 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Həmin kreditin qaytarılmasının təminatı kimi “X2”ın Bakı filialı ilə Cavabdeh1 arasında 323 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən, borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq, hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 207.99 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2024-cü il tarixə banka kredit borcu üzrə 13169.22 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2024-cü il tarixə kimi borcalan tərəfindən banka 8280 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 25% ödəməlidir. xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən, hesablanmış faizlərlə birlikdə 4889.22 manat təşkil edir. Bundan 4735.69 manat əsas borc, 153.53 manat faiz borcu təşkil edir. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında öz öhdəliyini yerinə yetirənədək borcalanla birlikdə məsuliyyət daşıyır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X2”ın Bakı filialının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı “X2”ın Bakı filialının tələb etdiyi borc məbləği ilə razıdır. Müəyyən səbəblərə görə ödəniş edə bilməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən “X2”ın Bakı filialı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 221 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana mənzilin təmiri məqsədilə istifadə haqqı illik 15 faiz hesablanmaqla 36 ay müddətinə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kredit alan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq,xx.xx.2024-cü il tarixə kimi hər ay banka 346.65 manat, sonuncu ay isə 346.81 manat ödəməklə qaytarmalıdır. -xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan kredit müqaviləsi üzrə bankdan 10000 manat kredit vəsaitini imza edərək təhvil almışdır. -Kreditor “X2»ın Bakı filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 323 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -“X2”ın Bakı filialının Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə və aidiyyəti hüquq mühafizə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun banka 4735.69 manat əsas, 153.53 manat faiz borcu olmaqla, cəmi 4889.22 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Rüstəmova X1 rayonu, Ovçibərə ərazi dairəsi, Ovçubərə kəndi, Cavabdeh2 isə ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 zaminlik müqaviləsi bağlamaqla bank qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşımışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 68.89 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi nəticəsində banka xx.xx.2021-ci il tarixli, 221 saylı kredit müqaviləsi üzrə 4735.69 manat əsas borc, 153.53 manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 4889.22 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilməli, cavabdehlərdən müştərək qaydada borc məbləği tutularaq “X2” ın Bakı filialının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 221 saylı kredit müqaviləsi üzrə 4735.69 (dörd min yeddi yüz otuz beş manat altmış doqquz qəpik) manat əsas, 153.53 (yüz əlli üç manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 4889.22 (dörd min səkkiz yüz səksən doqquz manat iyirmi iki qəpik) manat borc və 68.89 (altmış səkkiz manat səksən doqquz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı “X2” ın Bakı filialının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar