Məhkəmə qərarları › İş №e-2(012)-2701/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2701/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2701/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi vəkil-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı üçün əsas olan adlı siyahısında hüquq sahibi olaraq göstərilən “Ərizəçi Camaləddin oğlu”nun ata adının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən “Ərizəçi”nun ata adına uyğun olaraq həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 nömrəli Qərarında ərizəçinin ata adının qərarın ikinci səhifəsində “Ərizəçi Camələddin oğlu”, 3-cü səhifəsində isə “Ərizəçi Camaləddin oğlu” kimi qeyd olunduğunu bildirmiş, ərizənin xahiş hissəsinin “Abşeron rayon Aqrar İslahat Komissiyasının Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı üçün əsas olan və Abşeron rayon Aqrar İslahat Komissiyasının Komissiyasının sədri Zakir Fərəcov tərəfindən imzalanan xx.xx.2006-cı il tarixli 1 saylı əlavədə əlyazma şəklində hüquq sahibi olaraq göstərilən “Ərizəçi Camələddin oğlu”nun, həmçinin ona əlavə edilən 210 nömrəli akt qeydində elektron qaydada qeyd olunan “Ərizəçi Camaləddin oğlu”nun ata adının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən “Ərizəçi”nun ata adına uyğun olaraq həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi - Abbasov X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı əsasında ünvan 1ində yerləşən 1996.42 m2 torpaq sahəsini əldə etmiş, daha sonra torpağını sənədləşdirmək üçün qanuna müvafiq qaydada səlahiyyətli dövlət orqanlarına müraciət etmiş, ona Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Dövlət Torpaq kadastr Kitabında 03 mart 2008-ci il, 5603 N ilə uçota alınan A 028635 saylı “Torpaq sahəsinin planı və ölçüsü” təqdim edilmişdir. Lakin bu sənəddə onun torpağının sərhədləri və koordinatları dəqiq qeyd edilməmişdir. Hazırda ərizəçinin oğlunun səhhətində olan ciddi problemlərə görə həmin torpağı satmaq məcburiyyətində qalmışdır. Ərizəçi uyğun alıcı tapsa da, notarius əlindəki sənədi qəbul etməyərək rəsmi alqı-satqı etmək üçün mütləq şəkildə çıxarış almağının lazım olduğunu bildirmişdir. Bununla bağlı ərizəçi xx.xx.2024-cü ildə ünvan 1ində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb müvafiq çıxarışın verilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, tərəflərindən xx.xx.2025-cü il tarixli, 32/332/1-998/25 saylı məktubla ona cavab verilərək aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi, Abşeron rayon Aqrar İslahat Komissiyasının adlı siyahısında hüquq sahibi “Ərizəçi Camaləddin oğlu” kimi göstərildiyi halda, etibarnamədə “Ərizəçi” kimi qeyd edildiyi, bu baxımdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edildiyi bildirilmişdir. Odur ki, hazırki situasiyada DƏDKR tərəfindən verilən imtinanın əsası kimi göstərilən ata adındakı hərf səhvinin aydınlaşdırılması üçün ərizəçinin məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin ərizəçiyə verilməsi dövlət tərəfindən tanınmış, qeydiyyata alınmışdır. Digər bir tərəfdən DƏDKR tərəfindən verilən imtina cavabından da bəlli olduğu kimi, onun imtinasının əsası ata adında olan hərf səhvi ilə bağlıdır. Başadüşülən haldır ki, Azərbaycan dilində bəzi sözlərdə “a” hərfləri “ə” kimi, həmçinin “ə” hərfləri də “a” kimi səslənə bilər. Ərizəçinin ata adı da bunun bariz nümunələrindən biridir. Həmçinini, Komissiyasının adlı siyahısında ərizəçi də daxil olmaqla hüquq sahibi olaraq göstərilən şəxslərin adları əlyazma şəklində qeyd olunmuşdur. Normal olaraq, belə bir vəziyyətdə bu sənədi yazan adamın texniki səhvə yol verməsi qaçınılmazdır. Lakin bütün sənədlər göstərir ki, torpaq sahəsi ərizəçiyə, yəni Ərizəçi məxsusdur. Belə ki, təkcə Abşeron rayon Aqrar İslahat Komissiyası xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2008-ci ildə ünvan 1ində yerləşən 1996.42 m2 torpaq sahəsinin plan və ölçüsünü təsdiq etdiyi sənədə nəzər saldıqda bariz bir şəkildə görünür ki, orada ərizəçinin ata adı eynilə şəxsiyyət vəsiqəsində olduğu kimi, yəni Ərizəçi olaraq qeyd olunmuşdur. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkil-nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyası xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı ümumidir, siyahıda 369 adam var. İş materiallarına əlavə edilmiş əlyazma da ərizəçinin adı səhv qeyd olunmuşdur. Hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında ərizəçinin iddiaçı qismində çıxış etdiyi cavabdeh Maraqlı şəxsnə qarşı çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair işi vardır. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, odur ki, təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. -Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarından görünür ki, komissiyanın sədri Zakir Fərəcov tərəfindən Qobustan kəndi ərazisində 369 ailəyə 0.20 hektara qədər cəmi 110 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün toplanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. -Abşeron rayon Aqrar İslahat Komissiyasının sədri Zakir Fərəcov tərəfindən təsdiqlənmiş xx.xx.2006-cı il tarixli, Abşeron rayonunun Qobustan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Ərizəçi Camələddin oğluna 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 028635 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı ilə ünvan 1i ünvanda yerləşən sahəsi 1996.42 m2 olan torpaq sahəsi X3 kitabında xx.xx.2008-ci il tarixdə 5603 nömrə ilə Ərizəçi adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 32/332/1-988/25 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının adlı siyahısında hüquq sahibi “Ərizəçi Camələddin oğlu” kimi göstərildiyi halda, etibarnamədə “Ərizəçi” kimi qeyd edilmişdir. Bundan başqa Abşeron rayon Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli fərmanına əsasən ləğv edilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.1996 ha təşkil edən həyətyanı torpaq sahəsi Ərizəçi Camaləddin oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, ərizəçiyə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarı ilə ünvan 1ində 0.20 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən qərara xx.xx.2006-cı il tarixli, 1 saylı əlavədə adlı siyahı tərtib edilərkən texniki səhvə yol verilərək hüquq sahibinin adı, soyadı və ata adı “Ərizəçi” əvəzinə “Ərizəçi Camələddin oğlu”, həmçinin ona əlavə edilən 210 nömrəli akt qeydində “Ərizəçi Camaləddin oğlu” yazılmışdır. Mülki Prosessual Məcəllənin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarına xx.xx.2006-cı il tarixli, 1 saylı əlavədə hüquq sahibi kimi göstərilən “Ərizəçi Camələddin oğlu”-nun və ona əlavə edilən 210 nömrəli akt qeydində göstərilən “Ərizəçi Camaləddin oğlu”-nun Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsinin verilməsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının Komissiyasının xx.xx.2007-ci il tarixli, 82 saylı qərarına xx.xx.2006cı il tarixli, 1 saylı əlavədə hüquq sahibi kimi göstərilən “Ərizəçi Camələddin oğlu”-nun və ona əlavə edilən 210 nömrəli akt qeydində göstərilən “Ərizəçi Camaləddin oğlu”-nun AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar