Məhkəmə qərarları › İş №e-2(012)-2845/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2845/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2845/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı (“ERA Electronics”-in) xeyrinə 831,99 manat əsas və 80 manat cərimə borcu olmaqla, ümumilikdə 911,99 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 941,99 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan (“ERA Electronics”) Cavabdeh2 və Cavabdeh1 (zamin) ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 36412 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 1199,99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 56 manat ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 19 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə, “ERA Electronics”lə bağlamış olduğu xx.xx.2022-ci il tarixli, 36412 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”ə olan borcunun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi və bir dəfə rəsmi xədərdarlıq edilməsinə baxmayaraq onlar “ERA Electronics”ə olan borcunu 3 aydan çox müddətdir ki ödəməmişlər. Hazırki müqavilənin 9.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissəhissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 56 manat ödəniş etmişdir. Hazırda cavabdehlərin yuxarıdakı müqavilə üzrə “ERA Electronics”ə olan borcu 831,99 manat əsas və 80 manat cərimə borcu olmaqla, ümumilikdə 911,99 manat təşkil edir. Buna görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 36412 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan (“ERA Electronics”) Cavabdeh2 1199,99 manat dəyərində olan məişət avadanlığını nisyə almış, ilkin ödəniş kimi 200 manat ödəmiş və qalan 999,99 manat dəyərini 19 ay müddətinə, hər ay üçün 56 manat ödəmək şərti (sonuncu ay 47,99 manat) ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliklərinə Cavabdeh1 zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 36412 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı 831,99 manat əsas və 80 manat cərimə borcu olmaqla, ümumilikdə 911,99 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 36412 saylı müqavilə üzrə hesablanmış 80 manat cərimənin məbləği azaldılmalı və 8,01 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh2, eləcə də onun öhdəliklərinə zamin durmuş Cavabdeh1 həmin müqavilə ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiklərindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, 36412 saylı alqı-satqı müqaviləsi üzrə 831,99 manat əsas və 8,01 manat cərimə borcu olmaqla, ümumilikdə 840 manat pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 831,99 manat əsas və 8,01 manat cərimə borcu olmaqla, ümumilikdə 840 manat borc və ödənilmiş dövlət rüsumu üçün 30 manat pul tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar