Məhkəmə qərarları › İş №e-2(012)-2929/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2929/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2929/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 1630 manat sığorta ödənişi və 36.3 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius (Hibrid)” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində ** CL *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı və ** BK *** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilləri ilə toqquşmuşdur. Nəticədə, X15 avtomobil ilə vurularaq yüngül xəsarət yetirilmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri X25 İdarəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü-Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə qərar yazılmışdır. “Opel Astra” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 220 manat, “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 660 manat, X1 dəymiş zərərlə bağlı isə 750 manat sığorta ödənişi verilmişdir. Bununla da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -xx.xx.2008-ci il tarixli, ƏN-İİ № 393307 saylı etibarnamənin surətindən görünür ki, X11 mülkiyyətində olan «Opel Astra» markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2028-ci il tarixədək idarə etməyi X15 etibar etmişdir. -xx.xx.2021-ci il tarixli, ƏN-V № 774593 saylı etibarnamənin surətindən görünür ki, X12 mülkiyyətində olan “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixədək idarə etməyi X13 etibar etmişdir. -xx.xx.2022-ci il tarixli, ƏN-Vİ № 414782 saylı etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Toyota Prius (Hibrid)” markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. -İcbari sığorta müqaviləsinə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X21 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə «Toyota Prius (Hibrid)» markalı, ** BJ *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 50 manat, bonusmalus əmsalı 0.65, yekun sığorta haqqı 32.5 manat olmaqla, əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -"xxxx" ASC-nin CML-0242/2023-AKT420/23 saylı sığorta aktından görünür ki, sığortalı X21 ona məxsus olan «Toyota Prius (Hibrid)» markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat məbləğində icbari sığorta növündə sığortalamış, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 mülkiyyətində olan «Opel Astra» markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə 220 manat, X5 mülkiyyətində olan “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 660 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin baş verməsində təqsirkar sürücü Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələrinə əsasən, inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi Rayon Polis İdarəsinin X25 Şöbəsinə göndərilməsi qərara alınmışdır. -“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində X3 mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə olunmuş “Toyota Prius (Hibrid)” markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobili ilə X4 mülkiyyətində olan, hadisə baş verən anda X17 tərəfindən idarə olunmuş «Opel Astra» markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili, X5 mülkiyyətində olan, hadisə baş verən anda X16 tərəfindən idarə olunmuş “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuş, hadisə nəticəsində X1 və əmlakına, X9 isə əmlakına ziyan dəymiş, sürücü hadisə zamanı ayıq vəziyyətində olmaqla onun barəsində inzibati icraata başlanılmışdır. -Defect aktından görünür ki, «Opel Astra» markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 220 manat, “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 660 manat ziyan hesablanmışdır. -Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X10 hesabına 220 manat və 750 manat, X6 660 manat pul vəsaiti köçürülmüşdür. -Şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlər üzrə axtarışdan görünür ki, Bağıyev X14 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçə, 43 saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, X18 mülkiyyətində olan «Toyota Prius (Hibrid)» minik markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 mülkiyyətində olan, hadisə baş verən anda X17 tərəfindən idarə olunmuş «Opel Astra» markalı, ** CL *** qeydiyyat nişanlı, X5 mülkiyyətində olan, hadisə baş verən anda X16 tərəfindən idarə olunmuş “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində «Opel Astra» markalı, ** CL *** qeydiyyat nişanlı avtomobilə 220 manat, “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 660 manat ziyan, X10 isə sağlamlığına yüngül xəsarət dəymişdir. Həmin məbləğin sığorta aktına əsasən, X7, X6 və X2 yolu ilə ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. 327.8. maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş və təqsirkar sürücü Cavabdeh barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün aidiyyəti orqana göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmişdir. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyindən iddiaçı 1630 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nun 25-ci və 63cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 63.1 maddəsidir ki, həmin maddələrə əsasən 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən, başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 36.3 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Cavabdeh «Opel Astra» markalı, ** CL *** qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə və X1 dəymiş xəsarətə görə cəmi 1630 manat pul vəsaiti və 36.3 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh «Opel Astra» markalı, ** CL *** qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillərə və X1 yetirilmiş xəsarətə görə cəmi 1630 (min altı yüz otuz) manat pul vəsaiti və ödənilmiş 36.3 (otuz altı manat otuz qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1666.3 (min altı yüz altmış altı manat otuz qəpik) manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar