Məhkəmə qərarları › İş №e-2(012)-3166/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3166/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3166/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat məbləğində əsas borcun, 246,33 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat pulun, cəmi 1613,2 manat və ödənilmiş 36,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, satıcı İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Nisyə Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitəsini ona məxsus texniki sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verir, alıcı isə nəqliyyat vasitəsini dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavələrinə əsasən 4500 manat məbləğində “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsini Cavabdeh istifadəsinə verilmişdir. Bunun müqabilində cavabdeh ilkin ödəniş olaraq 350 manat, daha sonra isə 3800 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin tərəflərindən cavabdehə dəfələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2025-ci il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da bu günə qədər cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 1350 manat təşkil etməkdədir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə alıcı satıcıya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 faizi məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1231,65 manat təşkil etsə də tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 20%-i həcmində,cəmi 246,33 manat dəbbə pulu tələb edilməkdədir. Hesab edirlər ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətlərinə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Qeyd edirlər ki, tərəflərindən Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli girov müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, LXMAEAA303LXA36420 nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmişdir. Həmin müqavilənin 4.2-ci və 4.3-cü maddələrinə əsasən girov qoyan öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində girov saxlayanın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli, 05/24 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsi qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 mart 2024-cü il tarixli, 05/24 saylı girov müqaviləsindən görünür ki, 05 mart 2024-cü il tarixli, 05/24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC qarşısında öhdəliklərinin təminatı olaraq əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, qara parıltılı rəngli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsini İddiaçı MMC-yə girov kimi təqdim etmiş və tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 4150 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 1350 manat, cərimə borcu 1231,65 manat və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən 16,87 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 246,33 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bundan başqa iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2024-cü il tarixli, 05/24 girov müqaviləsindən görünür ki, 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, qara parıltılı rəngli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsi tərəflərin qarşılıqlı razılığı ilə 4150 manat qiymətləndirilmişdir. Məhkəmə 05 mart 2024-cü il tarixli, 05/24 girov müqaviləsində göstərilən qiymət ilə razılaşaraq hesab edir ki, girov qoyulmuş əşyanın ilkin satış qiyməti 4150 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, girov qoyulmuş əşyanın dəyəri tələb olunan pul məbləğindən bir neçə dəfə çox olduğundan həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 36,14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1350 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat pul olmaqla, cəmi 1376,87 manat pul vəsaiti və ödənilmiş 36,14 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Tələb “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin və girov predmetinin ilkin satış qiyməti 4150 (dörd min yüz əlli) manat müəyyən edilsin. İddia tələbi yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar