Məhkəmə qərarları › İş №e-2(012)-3169/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3169/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3169/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 564 manat əsas, 136 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 99004657 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumi qiyməti 616 manat dəyərində olan “Supermax” markalı Televizor almış, alınmış əşyanın dəyərini 12 aya bölərək, hər ay 51.33 manat hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sözügedən alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək, əsas borcundan bu günədək 52 manat ödəniş etmiş, qalan 564 manat əsas borcu indiyədək ödəməmiş, bununla da müqavilənin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və tədqiq olunmuş: - Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 99004657 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və ödəniş cədvəlindən görünür ki, satıcı ümumi dəyəri 616 manat olan “Supermax” markalı televizoru alıcının mülkiyyətinə verməyi, satıcı isə əşyanı qəbul edib dəyərini 12 ay müddətində - xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 51.33 manat olmaqla ödəməyi öz öhdəliyinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli 99004657 saylı aktdan müəyyən olunur ki, “Supermax” markalı televizor satıcı İddiaçı MMC tərəfindən yoxlanmış, əşyanın xarici görünüşündə qüsur və ya defekt aşkar olunmamış, Cavabdeh tərəfindən əşya təhvil alınmışdır. - Maliyyə arayışından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-ə 99004657 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi 616 manat əsas borcdan 52 manat ödəniş etmişdir. Alıcının əsas borcu 564 manat, cərimə borcu isə 136 manat təşkil edir. - “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, borclu Cavabdeh 564 manat əsas, 500 manat cərimə borcunun yaranması və borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə öhdəliyin icrasının təmini olaraq yaranmış borc məbləği və verilməli əmlak barədə notarius tərəfindən icra qeydi aparılacağı haqqında məlumat verilmişdir. - Mədaxil qəbzindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 136 manat miqdarında cərimə pulu 564 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 6 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" KB ASC tərəfindən xx.xx.2025ci il tarixdə ********** saylı qəbz əsasında 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, iddia tələbi 1000 manatdan aşağı məbləğ olduğu üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 564 manat əsas, 6 manat cərimə borcu olmaqla, cəmi 570 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 564 (beş yüz altmış dörd) manat əsas, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar