Məhkəmə qərarları › İş №e-2(012)-3219/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3219/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3219/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 473 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA103190121 nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Ağayeva “Renault Megane” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Changan Alsvın” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Changan Alsvın” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 473 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Renault Megane” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 0203/23 nömrəli məktubla Cavabdeh qarşı 473 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 (on) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı “Renault Megane” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. -xx.xx.2021-ci il tarixli ƏN-Vİİ № 987207 saylı etibarnamənin surətindən görünür ki, X3 mülkiyyətində olan ““Renault Megane” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2022-ci il tarixədək etibar etmişdir. -İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə “Renault Megane” markalı, **-BN-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 50.0 manat olmaqla əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat dəyərində sığortalamışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Abşeron DYP bildirir ki, xx.xx.2021-ci il tarixdə saat 20:00 dəqiqədə Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə baş verən anda X1 mülkiyyətində olan “Changan Alsvın” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. -xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də PQA********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5000 manat dəyərində sığortalanmış, Cavabdeh tərəfindən etibarnamə əsasında “Renault Megane” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində idarə olunmuş “Changan Alsvın” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 473 manat ziyan dəymiş və sığorta ödənişinin köçürülmə yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 473 manat sığorta ödənişi X1 adına köçürülmüşdür. -İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 20:00 dəqiqədə Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi ərazisində “Renault Megane” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -22166/21 saylı Qiymətləndirmə aktının surətindən görünür ki, “Changan Alsvın” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 473 manat ziyan dəymişdir. -İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə dəymiş ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" QSC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2023-cü il tarixli, **********884700 nömrə ilə çıxarış verilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, “Renault Megane” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilmiş, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Changan Alsvın” markalı, **-SX-*** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 473 manat dəyərində ziyan dəymiş, həmin məbləğ xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən köçürmə yolu ilə ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, “Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Renault Megane” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olan “Changan Alsvın” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində 473 manat zərər dəydiyindən, iddiaçı 473 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 63-cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 25.1.3. və 63.1 maddəsidir ki, həmin maddələrə əsasən: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddəsinə əsasən, cavabdehin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi ödənilmiş sığorta məbləğinin ondan tutulmasına əsas verir. Göstərilənlərə əsasən, tədqiq edilmiş sübutlarla məhkəmə ərizəni əsaslı və qanunauyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən, başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş, onun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Cavabdeh “Changan Alsvın” markalı, **-SX-*** “dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 473 manat pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh “Changan Alsvın” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 473 (dörd yüz yetmiş üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 503 (beş yüz üç) manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar