Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-325/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərindən 47 metr aralı məsafədə özünü ev sahibi kimi təqdim edən Cavabdeh tərəfindən aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1 nümayəndəsi nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı Heydər Əliyev adına X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin e-2(012)-4455/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında Heydər Əliyev adına X2 məxsus neft boru kəməri 700 mm-lik göstərilmişdir. Lakin Cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən ərazidə hasarın daxilində, yaşadığı evin qarşısında uzunluğu 5 metr, eni 4.5 metr, hündürlüyü isə 3,6 metr ölçüdə tikilmiş otaq Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan DŞ-700 mm-lik deyil DŞ-500 mm-lik neft boru kəmərinin mühafizə zonasının kəmərdən 47.5 metr məsafədə yerləşir. Bunula bağlı yazılı ərizə verdiyini, nəzərə alınmasını xahiş edərək, eyni zamanda qeyd etdi ki, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razıdırlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Heydər Əliyev adına Bakı X1 mühafizəsi üzrə Polis İdarəsinin bölük komandiri, polis mayoru C.K.Bəkirov, manqa komandiri, polis baş leytenantı M.Nuriyev və polis nəfəri, polis serjantı K.Məmmədov tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 21 saylı postun ərazisində saat 17:20-də, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi 67 ünvanında neft məhsulu nəql olunan boru kəmərindən 47 metr aralı məsafədə özünü ev sahibi kimi təqdim edən Cavabdeh məxsus köhnədən olan hasarın içində yaşadığı evin həyətyanı sahəsində təqribən 5 metr uzunluğunda, 5 metr enində və 3 metr hündürlüyündə mətbəx tikintisi işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu ev sahibinə izah edilərək görülən işlərə, həmçinin, əlavə işlərin aparılmamasına dair yazılı qaydada xəbərdarlıq təqdim edilmişdir. - “Socar” Downstream Management” MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2- 27/3-1İ-68/2024 saylı əmrə əsasən yaradılmış komissiyanın işçi qrupunun üzvləri SDM-in Mühafizənin təşkili üzrə aparıcı mütəxəssisi Samir Quliyev, Təhlükəsizlik xidmətinə nəzarət üzrə İstehsalat üzrə aparıcı mütəxəssisi Səid Məmmədov, Layihələr üzrə böyük mühəndisi Suliddin Məmmədəliyev, İstehsalat üzrə mühəndisi Süleyman Əliyev, böyük hüquq məsləhətçisi Nümayəndə tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vətəndaş Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi 67 ünvanında yerləşən ərazidə Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 47.5 metrliyində hasarın daxilində olan, yaşadığı evin qarşısında uzunluğu 5 metr, eni 4.5 metr, hündürlüyü isə 3.6 metr olan tamamlanmamış otaq tikilisi aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən Dş-500 mm neft məhsulu nəql olunan boru kəmərinə paralel Dş-200 mm, Dş-250 mm və Dş-300 neft məhsulları nəql olunan boru kəmərləri keçir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, həyətyanı sahədə yarımtikili otaq inşa edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8118 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi 67 ünvanında yerləşən, Dş-700 mm-lik yeraltı neft boru kəmərindən 47 metr məsafədə daş hasarın və tualet tikilisinin, 48.4 metr məsafədə isə yarımçıq tikilinin inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Heydər Əliyev adına X1 balansında olan Dş-500 mm-lik yeraltı neft boru kəmərindən 47 metr və 48.4 metr məsafədə, mühafizə zolağının daxilində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi 67 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar, tualet və yarımçıq tikilinin olması aşkar olunmuşdur. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan Cavabdeh tərəfindən həmin ünvanda inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8118 saylı rəyi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi 67 ünvanında yerləşən, Dş-700 mm-lik yeraltı neft boru kəmərindən 47 metr məsafədə inşa edilmiş daş hasarın və tualet tikilisinin, 48.4 metr məsafədə isə yarımçıq tikilinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, digər sübutlarla paralel qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikililərin həqiqətən də magistral neft kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə ekspert rəyində qeyd olunan Dş- 700 mm-lik neft boru kəmərinin Dş-500 mm-lik neft boru kəməri olması kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...”. Lakin bununla yanaşı, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Heydər Əliyev adına X1 balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə idarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisəolunmazdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin: 2.1-ci bəndinə əsasən, şirkətin əsas məqsədi Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən, şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1, 95.1.4 və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən, həmin Məcəllənin 95.3-cü.maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi tikili qeyd olunan kəmərin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni, mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyət etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı, cavabdeh istifadəsində olan torpaq sahəsində nəinki, lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli, iddiaçının balansında olan Dş-500 mm-lik yeraltı neft boru kəmərindən 47 metr və 48.4 metr məsafədə, kəmərin mühafizə zonası daxilində cavabdeh tərəfindən inşa edilmiş daş hasar, tualet və yarımçıq tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət rüsumu məbləği isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 88, 150ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Heydər Əliyev adına X1 balansında olan Dş-500 mm-lik yeraltı neft boru kəmərindən 47 metr və 48.4 metr məsafədə, kəmərin mühafizə zonası daxilində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi 67 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar, tualet və yarımçıq tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdehdan aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-325/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-325/2024
28.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver