Məhkəmə qərarları › İş №e-2(012)-3259/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3259/2024

08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3259/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi faktın təsdiqinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi faktın təsdiqinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 1990-cı il 31 avqust 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına sovxozun rəhbərliyi və ictimai təşkilatları tərəfindən ayrılmış həyətyanı torpaq sahələrində fərdi ev tikdirmələrinə icazə verilməsi haqqında qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportunda olan mexaniki hərif səhvinin düzəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizənin məzmunundan göründüyü kimi, ərizəçi çıxarış, qeydiyyat vəsiqəsi və texniki pasportda olan mexaniki hərif səhvinin düzəldilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 149.2.4. maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 150.1.6. maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zəruriliyini qeyd etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1. maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. maddəsinə əsasən, bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizəçi müvafiq düzəlişin aparılmasına dair aidiyyəti quruma müraciət etməmiş, etdiyi halda isə imtina məktubunu ərizəyə əlavə etməmiş, həmçinin, bir-biri ilə bağlılığı olmayan faktların məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, ərizəçi faktın təsdiqinə dair ərizə ilə müraciət etsə də, 1990-cı il 31 avqust 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına sovxozun rəhbərliyi və ictimai təşkilatları tərəfindən ayrılmış həyətyanı torpaq sahələrində fərdi ev tikdirmələrinə icazə verilməsi haqqında qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportunda olan mexaniki hərif səhvinin düzəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizənin forma və məzmununa düzgün riayət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda 6.1. bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsində və Plenumun qərarında göstərildiyi kimi ərizə yazılarkan ərizəçi 1990-cı il 31 avqust 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına sovxozun rəhbərliyi və ictimai təşkilatları tərəfindən ayrılmış həyətyanı torpaq sahələrində fərdi ev tikdirmələrinə icazə verilməsi haqqında qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportunda olan mexaniki hərif səhvinin düzəldilməsini deyil, sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi kimi göstərməli idi. Hər iki göstərilən qüsurlar iddiaçı tərəfindən aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi faktın təsdiqinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar