Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3279/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair mülki işə 19 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 5150,00 manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 81.90 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X1” MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 286 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Alqı-satqı münasibətlərinin yekununda müştərinin yekun debitor borcunun müəyyənləşdirilməsi məqsədilə cavabdehin və iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən, cavabdeh xx.xx.2020-ci il tarixli, 286 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-ə 5.150,00 (beş min yüz əlli) manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-ə ərizə ilə müraciət edərək borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmiş lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Beləliklə iddiaçı tərəfindən öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmiş və nəticədə 5 150,00 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. İddiaçı MMC-nin qanuni təmçilçisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iclasların çoxluğu səbəbi ilə hazırki məhkəmə iclasında iştirakları mümkünsüzdür. Göstərilən üzrlü səbəbləri nəzərə alaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə imzalanmış 286 saylı Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyada adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh tərəfindən imzalanan üzləşdirmə aktından görünür ki, Cavabdeh 5150 (beş min yüz əlli) manat borc, 254 manat borcdan əlavə və 660 manat satış təmsilçisinə borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin sədri Nümayəndə ünvanlanmış ərizəsinin surətindən görünür ki, məhsulların pulunu vaxtında ödəmədiyindən 5810 manat borcu qalmışdır. Götürdüyü məhsulları satıb pulunu şəxsi ehtiyacları üçün xərcləmişdir. Evini satmağa qoymuşdur. Evi satılan kimi şirkətə olan borcunu tam ödəməyi üçün vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən 5150,70 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan ödəniş cədvəlindən və işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC tərəfindən ona verilən məhsulları götürməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə imzalanmış 286 saylı Alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmiş və nəticədə 5150 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmayasəbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-i ilə Cavabdeh arasında Alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 5150 (beş min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 81,50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81,50 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5150 (beş min yüz əlli) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81,50 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3279/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3279/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver