Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3327/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli 27 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 1200 manat məbləğində əsas borc, 600 manat mükafat borcu, 3000 manat məbləğində cərimə borcu, 3071 (2021+1050) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olan 98,71 manat olmaqla, cəmi 7969,71 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «lizinq verən» qismində İddiaçı MMC-nin direktoru X1 ilə «lizinq alan» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinqə təqdim emişdir. Lizinq obyekti 1 ədəd “CHEVROLET LACETTİ” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmaqla, qiyməti 15400 manat məbləğində və verilmə müddəti 24 ay müəyyən edilmiş, 1000 manat ilkin ödəniş etməklə, ayda 2 dəfə 600 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görə lizinq müddəti ərzində lizinq əmlakına mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində müvəqqəti sahiblik və ondan istifadə hüquqlarına malik olur. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir. Lizinq alan lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşımaqla, itirilmənin və ya zədələnmənin qarşısını almaq üçün öz hesabına tədbirlər görür, həmçinin lizinq obyektini işlək vəziyyətdə saxlayır. Qısa müddət ərzində Cavabdeh lizinq obyektini yararsız vəziyyətə salmış və xx.xx.2022-ci il tarixdə avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş qaiməfakturalara əsasən avtomobilə 3071 (2021+1050) manat ziyan dəymişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdən sonra heç bir ödəniş etməmiş, yalnız 1000 manat məbləğində ilkin və 2100 manat lizinq ödənişi həyata keçirmişdir. Tərəflər arasında bağanmış xx.xx.2021-ci il tarixli müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə, lizinq alan hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 50%-i miqdarında cərimə ödəyir. Həmin müqavilənin 12.1-ci bəndinin 4-cü yarımbəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu Məcəllə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədikdə, lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqavilə ləğv edilə bilər. Cavabdehin qanunsuz əməlləri nəticəsində MMC-yə ziyan vurulduğundan, pozulmuş hüquqların bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək avtomobilə dəymiş zərərin məbləğinin şişirdildiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC lizinq alan - Cavabdeh tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – dəyəri 15400 manat, 2006-cı il buraxılışlı, “Chevrolet Lacetti” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, KL1NF196J6K350172 ban nömrəli, albalı metallik rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvələ müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ayda 2 dəfə 15 gündən bir 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müddəti 24 ay təşkil edir. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsində olan “Chevrolet Lacetti” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuatorla gətirilərək İddiaçı MMC-yə təhvil vermişdir. Nəqliyyat vasitəsində əzilmiş və ya çıxarılmış hissələr: motor, akkumlyator, monitor. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli PR/011 saylı xəbərdarlığından (pretenziya məktubu) görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə MMC-yə xx.xx.2021-ci il tarixli, 27 saylı daxili lizinq müqaviləsinə əsasən 4800 manat məbləğində yaranmış borcun və 3071 manat dəymiş zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə isə o, “daxili lizinq müqaviləsi”nin 10 gün ərzində birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinə qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. - 1 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 27 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 1200 manat əsas, 600 manat mükafat və həmin günə hesablanmış 3000 manat cərimə pulu, cəmi 4800 manat borcu vardır. - “X3” MMC-nin tərtib etdiyi qüsur aktından görünür ki, “Chevrolet Lacetti” markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə təmir-bərpa işlərinə 3071 manat vəsait tələb olunur. Qüsur aktına fotoşəkillər əlavə edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5222 saylı rəyindən görünür ki, 2006-cı il buraxılışlı, “Chevrolet Lacetti” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə təmir-bərpa işlərinə təxminən 2731 manat (dəyişilməli hissələrin qiyməti - 1681 manat, təmir-bərpa işlərinə görə - 1050 manat) vəsait tələb olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə 3000 manat dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hazırki iddia tələbi üzrə 3000 manat məbləğində dəbbə (cərimə) pulunun azaldılaraq 30 manat məbləğində hesablanmasını qanuni, əsaslı və ədalətli olmaqla, iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəllənin 423.2-ci maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən tələblər müəyyənləşdirilən zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, lizinq alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, İddiaçı MMC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan başqa, işdən görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan lizinq obyektini istismar edərkən onu yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı MMC bu maddi zərərin dəyərini məlum qüsur aktına əsasən 3071 manat məbləğində hesablamışdır. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı ekspert tərəfindən hesablanmış və xx.xx.2022-ci il tarixli, 9/5222 saylı rəylə müəyyən edilmişdir ki, 2006-cı il buraxılışlı, “Chevrolet Lacetti” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə təmir-bərpa işlərinə 2731 manat (dəyişilməli hissələrin qiyməti - 1681 manat, təmir-bərpa işlərinə görə - 1050 manat) vəsait tələb olunur. Məhkəmə lizinq obyektinə görə dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 2731 manat pul tutulmalıdır. Belə ki, Mülki Мəcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə həmin müqaviləyə əsasən 1200 manat əsas, 600 manat mükafat borcu və hesablanmış 30 manat dəbbə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 2731 manat olmaqla, cəmi 4561 manat pul və 98,71 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri olan 60 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 27 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 27 saylı daxili lizinq müqaviləsinə əsasən 1200 manat əsas, 600 manat mükafat borcu və 30 manat dəbbə pulu, həmçinin dəymiş zərərin əvəzi kimi 2731 manat olmaqla, cəmi 4561 manat və dövlət rüsumu kimi 98,71 manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 60 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3327/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3327/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver