Məhkəmə qərarları › İş №e-2(012)-3390/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3390/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3390/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********48528 olan X4 8 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 284 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, telefon 2021-ci ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə köhnə bazar deyilən yerdə itirmişdir. Telefon ondan oğurlanmışdır. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Bu hallarla bağlı Abşeron Rayon Polis İdarəsindən arayış almışdır. ABC Telecom MMC-dən ona verilən qızıl zəmanət talonuna əsasən bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınası, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya olunur. Göründüyü kimi ABC Telecom MMC tərəfindən verilmiş qızıl zəmanət talonun şərtinə əsasən ona satılan telefon oğurlandığı halda onun ödədiyi məbləği kompensasiya etməli olduğu halda ondan əlavə olaraq ödəmədiyi məbləği tələb edir. Ona görə də iddia rədd edilməlidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48528 olan X4 8 markalı telefon almış və nəticədə 284 (iki yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********48528 olan X4 8 markalı telefon üçün ümumilikdə 284 (iki yüz səksən dörd) manat olmaqla, ondan, 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 413 manat təşkil edir. Cavabdeh ilə bağlanılmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmən iclasında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, etirazda da qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48528 olan X4 8 markalı telefon almışdır. Lakin həmin telefonu 2021-ci ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə köhnə bazar deyilən yerdə itirmişdir. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Ona verilən qızıl zəmanət talonuna əsasən bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınası, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya olunur. Lakin göstərilənlər icra edilməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20321845 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********48528 olan X4 8 markalı telefon qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 284 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 25.03.202-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh öhdəliyinə 3 (üç) iş günü müddətində riayət edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 25 cərimənin məbləği azaldılmalı və 5 manat olaraq müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2020-ci il tarixli, 20321845 saylı müqaviləyə əsasən, İMEİ kodu **********48528 olan X4 8 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 264 (iki yüz altmış dörd) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 20321845 saylı müqaviləyə əsasən, İMEİ kodu **********48528 olan X4 8 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 264 (iki yüz altmış dörd) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar