Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3439/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə İmei kodu **********04773 olan Huaweı Nova Y90 markalı telefon üçün 224.04 (iki yüz iyirmi dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, 22.96 (iyirmi iki manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 247 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********04773 HUAWEİ NOVA Y90 markalı telefon almış və nəticədə 247 (iki yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 746.04 (yeddi üyz qırx altı manat dörd qəpik) manat (12 ay x 62.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********04773 HUAWEİ NOVAY90 markalı telefonüçün ümumilikdə 247 (iki yüz qırx yeddi) manat olmaqla, ondan, 224.04 (iki yüz iyirmi dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.96 (iyirmi iki manat doxsan altı qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində İmei kod **********04773 HUAWEİ NOVA Y90 markalı telefon və qızıl zəmanət ultra 2 il xidmətindən imtina etmiş və 522 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 522 manat, ümumilikdə, 522 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh telefonu 2023-cü ilin noyabr ayında Cəmiyyətə geri qaytarmışdır. Həmin tarixdə hər hansı akt tərtib edilməmiş və video görüntü mövcud deyildir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Huaweı Nova Y90 markalı telefonu almışdır. Telefonu xx.xx.2023-cü il tarixdə mağazanın Əhmədli filialına yaxınlaşaraq telefonu geri qaytarmışdır. Bu zaman telefonu geri qaytarmağı ilə bağlı ona heç bir sənəd təqdim olunmamışdır. Telefonu qaytarmağının səbəbi atasının sağlamlıq vəziyyətinin pisləşməsi olmuşdur, belə ki, sonradan atası vəfat etmişdir. Telefonun heç qablaşdırmasın da açmamışdır, nömrə də taxmamışdır. Bundan xeyli müddət sonra ona xx.xx.2024-cü il tarixində bildiriş gələrkən məlum olmuşdur ki, telefonun ödənişi ilə bağlı 247 manat borcu yaranmışdır. Cəmiyyət tərəfindən ona buna dair heç bir sənədin verilməməsi, Cəmiyyətlə aralarında bağlanmış müqavilənin ləğv olunmaması məhz onların nöqsanıdır. İddiaçı qərəzli şəkildə müqaviləni ləğv etməmiş və öz maraqlarını güdmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən HUAWEİ NOVA Y90 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 522 manat çıxıldıqdan sonra 224,04 manat ödənilməmiş hissə, 22,96 manat dəbbə olmaqla, ümumilikdə 247 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 623.1–ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Mülki Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə müqavilənin predmeti iddiaçıya qaytarıldığından iddia təmin edilə bilməz. Cavabdeh aldığı telefonu müqavilə bağlandıqdan 1 gün sonra, iddiaçı isə telefonun xx.xx.2023-cü il tarixdə qaytarıldığını iddia etsələr də, bu barədə təhvil-təslim aktı və ya bunu təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə olan halda iddiaçı geri aldığı mala görə əlavə ödəniş tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3439/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3439/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver