Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3453/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 14 kompüter üçün 4395.96 manat ödənilməmiş hissə, 439.60 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Beko üçün 489 manat ödənilməmiş hissə, 48.9 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Hoffmann Soac kondisioner üçün 285.8 manat ödənilməmiş hissə, 28.58 manat dəbbə olmaqla, ümumilikdə 5687.84 manat borc və 76.88 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, X1 14 kompüter, Paltaryuyan Beko, Hoffmann Soac kondisioner almış və nəticədə cavabdehin 5687.84 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4395.96 manat (18 ay x 244.22 manat + 0 manat ilkin ödəniş) olan X1 14 kompüter üçün ümumilikdə, 4835.56 manat olmaqla, ondan 4395.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 439.60 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1101.6 manat (18 ay x 61.2 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Beko üçün ümumilikdə 537.90 olmaqla, ondan 489 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.9 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 956.1 manat (6 ay x 150.33 manat + 54.12 manat ilkin ödəniş) olan Hoffmann Soac kondisioner üçün ümumilikdə 314.38 manat olmaqla, ondan 285.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.58 manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1282.9 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmiş, lakin qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18664101 saylı müqavilə və əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 61.2 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18867048 saylı müqavilə və əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 150.33 manat ödəniş etmək şərti ilə almışdır. -ATL SMS şirkətinin sistemindən SMS göndəriş hesabatının xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli, 701928 nömrəli müqavilənin bu əlavəsinə əsasən X1 14 markalı əşya ********* faktura nömrəsi ilə Cavabdeh adına hissəvi ödənişlə sənədləşdirilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 489 manat əsas, 48.9 manat cərimə olmaqla, cəmi 537.90 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 285.8 manat əsas, 28.58 manat cərimə olmaqla, cəmi 314.38 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4395.96 manat əsas, 439.60 manat cərimə olmaqla, cəmi 4835.56 manat, ümumilikdə isə 5687.84 manat borcu yaranmışdır. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, cavabdeh iddiaçıdan yuxarıda qeyd olunan müqaviləyə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan maddələrinin tələbinə və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Eyni zamanda Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 439.60 manat miqdarında cərimə pulu 4395.96 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə, 48.9 manat miqdarında cərimə pulu 489 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə və 28.58 manat miqdarında cərimə pulu 285.8 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, həmin məbləğlər azaldılaraq müvafiq olaraq 100 manat, 10 manat və 6 manat saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 76.88 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 76.88 manat dövlət rüsumunun 72.86 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4.02 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 489 manat əsas, 10 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 285.8 manat əsas, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4395.96 manat əsas, 100 manat cərimə olmaqla, ümumilikdə 5286.76 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 72.86 manat hissəsi tutulmalı, ödənilmiş dövlət rüsumunun 4.02 manat hissəsi isə iddiaçının özünə aid edilməli iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 489 manat əsas, 10 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 285.8 manat əsas, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4395.96 manat əsas, 100 manat cərimə olmaqla, ümumilikdə 5286.76 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 72.86 manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 4.02 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli