Məhkəmə qərarları › İş №e-2(012)-3593/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3593/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3593/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı «X1mayan Kredit Təşkilatı» MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 2021-ci tarixli, ONSK12646 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 1689,21 manat məbləğində borcun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilən 36,89 manat məbləğində vəsaitin cavabdehdən iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X1mayan Kredit Təşkilatı» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 30 avqust 2021-ci il tarixdə ONSK12646 nömrəli nisyə alqısatqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən “Samsung” markalı paltaryuyan (məişət avadanlığı) satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 15 ay ərzində 81 manat, sonuncu ay isə 85,99 manat olmaqla, cəmi 1219,99 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən “Samsung” markalı paltaryuyan (məişət avadanlığı) cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 30 avqust 2021-ci il tarixli, ONSK12646 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 976,99 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 712,22 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında 30 avqust 2021-ci il tarixli, ONSK12646 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 976,99 manat qalıq borcu, 712,22 manat cərimə borcu olmaqla, cəmi 1689,21 manat borcu yaranmışdır. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli, ONSK12646 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən malı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «X1mayan Kredit Təşkilatı» MMC tərəfindən məhkəmə təqdim olunmuş sistemdən çıxarışdan görünür ki, "xxxx" MMC ilə «X1mayan Kredit Təşkilatı» MMC arasında faktorinq müqaviləsi bağlanmış və "xxxx" MMC borclu Cavabdeh ilə bağlandığı 30 avqust 2021-ci il tarixli, ONSK12646 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1mayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 30 avqust 2021-ci il tarixli, ONSK12646 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «X1mayan Kredit Təşkilatı» MMC-yə 976,99 manat qalıq borc, 712,22 manat cərimə borcu olmaqla, cəmi 1689,21 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 36,89 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30 avqust 2021-ci tarixli, ONSK12646 nömrəli müqavilə üzrə 1689,21 manat və ödənilmiş 36,89 manat dövlət rüsumu iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar