Məhkəmə qərarları › İş №e-2(012)-361/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-361/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-361/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sığorta ödənişi üçün 740 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ ********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən Opel ASTRA minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində ** BK *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh AR İXM-nin 327.1-ci və 332.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. Toyota Prius markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 740 manat sığorta ödənişi edilmişdir. Beləliklə, sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, X2 məxsus Opel ASTRA minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, A.Kunanbayev küçəsində Cavabdeh Opel ASTRA minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol verdiyi inzibati xəta görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından müəyyən edilir ki, ** BK *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin təmirbərpa xərcləri 740 manat müəyyən edilir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 740 manat məbləğində sığorta ödənişinin X1 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8846 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2011-ci il buraxılışlı ** BK *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 740 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 260 manat, təmir-bərpa işlərinin qiyməti isə 480 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, A.Kunanbayev küçəsində Opel ASTRA minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ** BK *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə toqquşmuş, buna görə də onun barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə "xxxx" ASC tərəfindən ümumilikdə 740 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində də dəymiş ziyanın ümumi məbləği 740 manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh sığorta ödənişi üçün 740 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə, aparılmış ekspert tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 740 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspert tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar