Məhkəmə qərarları › İş №e-2(012)-365/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-365/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-365/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22 fevral 2014-cü il tarixli, 13987 saylı аlqı-satqı müqaviləsi üzrə 495 manat məbləğində əsas, 198 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 723 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla (Baki şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında (köhnə ünvan) «Sunny Electronics» mağazası) ilə Cavabdeh1 arasında xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün o və digər cavabdeh X1 ilə xx.xx.2014-ci il tarixli, 13987/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 aldığı 645 manat dəyərində malın «kompyuter»-in dəyərini 15 ay ərzində hər ay 43 manat manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh1 (müqavilələri) rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə) tam ödəniş etməmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 20 manat ödəniş etmiş və xx.xx.2014-ci il tarixində bağlanmış 13987 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh1 495 manat məbləğində əsas, 198 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində ona maddi ziyan dəymşdir. Uzun müddətdir ki, əldə edəcəyi pul cavabdeh tərəfindən verilmədiyi üçün dövriyyəsini çoxalda bilmir. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 aldığı 645 manat dəyərində malın «kompyuter»-in dəyərini 15 ay ərzində hər ay 43 manat manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, 13987/1 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsinin təmini üsulu kimi İddiaçı ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 əsas borclu Cavabdeh1 öhdəliklərinin icrası üçün birgə məsuliyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 İddiaçı 495 manat məbləğində əsas, 198 manat məbləğində cərimə borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin icrasının təminatı olaraq xx.xx.2014-ci il tarixli, 13987/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsinə əsasən hesablanmış 198 manat məbləğində cərimə borcunun azaldılması cavabdehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 5 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-ci il tarixli, 13987 saylı alqı-satqı müqaviləsi 15 ay müddətinə bağlanmış və həmin kredit müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, 13987/1 saylı zaminlik müqaviləsində isə zaminlik müqaviləsinin hansı müddətə qədər qüvvədə olması göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş, lakin iddiaçı bu hüququndan göstərilən tarixədək istifadə etməmişdir. Hal-hazırda isə Cavabdeh2 İddiaçı qarşısında heç bir öhdəliyi olmadığından iddia ona dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 495 manat məbləğində əsas, 5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 500 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 22 fevral 2014-cü il tarixli, 13987 saylı аlqı-satqı müqaviləsi üzrə 495 manat məbləğində əsas, 198 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 723 manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasına dair hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar