Məhkəmə qərarları › İş №e-2(012)-3657/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3657/2025

27.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3657/2025 27.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, MSZK01633 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 651,41 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 20 fevral 2021-ci il tarixdə MSZK01633 nömrəli nisyə alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavələsində göstərilən “Tikiş maşını PFAAF 130S” satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 12 ay ərzində 50 manat, sonuncu ay isə 49 manat olmaqla, cəmi 599 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən “Tikiş maşını PFAAF 130S” cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 20 fevral 2021-ci il tarixli MSZK01633 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə qalıq borcu 358 manat təşkil edir. Ona görə də hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MSZK01633 saylı nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, borcluya 599 manat dəyərində məişət məhsulu nisyə satılmışdır. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli, MSZK01633 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 651,41 manat borcu vardır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 651,41 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 16 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalıq qalan 14 manat dövlət rüsumu məbləği isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MSZK01633 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 651,41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar